24 İyul 2019
23 İyul 2019
“Qarabağ məsələsinin dinc yolla həllinə mane olan ikili standartlardır” - Musa Qasımlı
“Qarabağ məsələsinin dinc yolla həllinə mane olan ikili standartlardır”- Musa Qasımlı SİYASƏT 12:09 2019-06-24

“Təkbaşına Ermənistan heç bir zaman Azərbaycan ərazilərini işğal eləyə bilməzdi, amma bunu da qeyd etmək lazımdır ki, Azərbaycan əraziləri bizim ölkəmizin daxilində sabitsizlik,  anarxiya, xaos, qarışıqlıq olan şəraitdə işğal edilib”.

Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əmək haqlarında olan artımlarla bağlı qərarı cəmiyyət tərəfindən müsbət qarşılanıb. Prezidentin milyonlarla insanın rifahına müsbət təsir edəcək bu addımı təqdir olunmaqla yanaşı, dövlətin vətəndaşın yanında olduğu, onun problemlərinin həlli istiqamətində davamlı addımlar atdığı mesajını verir.

“Unikal” qəzetinə müsahibə verən Milli Məclisin deputatı, Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvü, professor Musa Qasımlı ilə söhbətə də bu mövzudan başladıq.

-Musa müəllim, Prezidentin əməkhaqlarının artırılması ilə bağlı son sərəncamlarını necə dəyərləndirirsiz?

-Cənab Prezidentimiz İlham Əliyevin sosial siyasətində qəbul edilən qərarların ən bariz nümunələrindən biri əməkhaqlarının və minimum əmək haqqlarının artırılmasına dair imzaladığı sərəncamlardır. Bu sərəncamlar bir daha təsdiq etdi ki, cənab prezidentimizin siyasətinin ana xəttini Azərbaycan vətəndaşının sosial rifah halının yaxşılaşdırılması təşkil edir. Cənab prezidentimiz deyir ki, Azərbaycan vətəndaşı sabah bugünkündən yaxşı yaşasın, yaxşı yaşamaq üçün bərabər imkanlar bərqərar edilsin. İmzalanan bu sərəncamlar heç şübhəsiz ki, Azərbaycanda əhalinin sosial rifah halının yaxşılaşmasına gətirib çıxaracaq. İnsanlarımızın maddi imkanları yaxşılaşacaq, maliyyə imkanları artacaq. Bütün bunlar öz növbəsində Azərbaycanda yüksək mənəvi, psixoloji ruh artımına gətirəcək.

-Soruşulur ki, bütün bu artımlar nəyin sayəsində oldu?

-Əgər Azərbaycanda sabitlik olmasaydı, iqtisadi inkişaf da olmazdı. İqtisadi inkişaf olmasaydı, dövlətimizin maliyyə imkanları da yaranmazdı. Maliyyə imkanları yaranmasaydı əmək haqlarında artım olmazdı. Həm də bu artım adi bir artım deyil, 40 faiz artım deməkdir, bu da kifayət qədər ciddi bir rəqəmdir. Deməli, Azərbaycanda insanlarımızın, vətəndaşlarımızın həyatının daha da yaxşılaşdırılmasının təməli sabitlikdən keçir. Əgər kimsə istəyirsə, əməkhaqqı artsın, təbii ki, bunu hamı istəyir. Mütləq o ölkədə sabitliyin olmasında maraqlı olmalıdır. Sabitlik özünün arxasınca iqtisadi inkişafa, maliyyə imkanlarının yaranmasına və əhalinin güzaranının yaxşılaşdırılmasına gətirib çıxarır. Ona görə kim bu gün, hansı təşkilat Azərbaycada sabitsizliyə, xaosa, anarxiyaya tərəfdardırsa o Azərbaycan vətəndaşlarının maraqlarının əleyhinədir. Eyni zamanda, öz marağının da əleyhinədir. Bizim inkişafımız yalnız sabitlikdən keçir. Sabitlik olan yerdə xeyir-bərəkət də var.

-İlin əvvəlində də Prezident sosial sahə ilə bağlı addımlar atdı, amma müxalifət bunu öz adına çıxmışdı ki, mitinqlərdən sonra bu addımlar atıldı. Sizcə indi nə deyəcəklər?

-Bilirsiz, hər şeyə olduğu kimi, real baxmaq lazımdır. Hökümət, dövlət hakimiyyəti heç bir zaman küçədə gedən ictimai rəyin arxasınca getməz. İctimai rəyi öz arxasınca aparar. Kim düşünürsə ki, mən dedim, bunu hökümət həyata keçirdi, tamamilə yanlış məsələdir. Axı, neçə il əvvəl cənab prezidentimiz öz çıxışlarında və prezident seçkiləri ərəfəsində o sosial paket haqqında dedi, geniş məlumat vermişdi. Həmin iddiada olanlara tövsiyyə edərdim ki, cənab prezidentin o nitqlərini götürüb oxusunlar. Həmin çıxışlarında cənab prezidentimiz söyləyirdi ki, böyük sosial paketlər, maaşların artımı, pensiyaların artımı ilə bağlı geniş işlər gedir. Bu şəxslər bilməlidirlər ki, belə qərarlar bir günün içərisində qəbul edilmir. Maaşların artımı ilə bağlı qərarın qəbul edilməsindən ötrü işçi qrupu oturur işləyir, imkanlara baxır, dövlət büdcəsinin imkanlarını nəzərdən keçirir. Ondan sonra belə sərəncamlar ortaya çıxır. Həmin işçi qrupları da bir günə işləmirlər. Cənab prezidentin tapşırığına əsasən uzun müddət işləyirlər və yekun sənədlər ortaya çıxır. Ona görə belə populist çıxışların heç bir anlamı qalmayıb. Azərbaycan cəmiyyəti artıq belə məsələləri qəbul etmir. Hesab edirəm ki, başqa yolları qalmadığı üçün həmin adamlar belə yanlış üsullardan istifadə edirlər.

- Müstəqil ekspertlər, iqtisadçılar belə bir fikir yürüdürlər ki, bu addımlar ölkədə devalvasiyaya gətirib çıxara bilər. Siz necə düşünürsüz,bu addımlardan sonra devalvasiya, yaxud inflyasiya təhlükəsi ola bilərmi?

-Mən, ümumiyyətlə, bu məsələlərdə devalvasiya gözləmirəm. Hesab edirəm ki, Azərbaycanda iqtisadiyyat, bizim valyuta ehtiyatlarımız dayanıqlıdır. Amma biz məsələnin həmişə yaxşı tərəfini görməliyik. Eyni zamanda, gələn təhdidləri də qiymətləndirməliyik. Mən hesab edirəm ki, devalvasiya üçün elə bir şərait yoxdur.

- Bəs inflyasiya necə ola bilərmi?

-Mən öz düşüncələrimi söylədim.

-Musa müəllim, son günlər Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslərdə aktivlik müşahidə olunur. Ümumiyyətlə, Qarabağla bağlı mövcud vəziyyəti necə dəyərləndirirsiz?

-Mən hesab edirəm ki, ümumiyyətlə, bu məsələdə Ermənistanla, Azərbaycanın qüdrətini müqayisə etmək doğru olmazdı. Əgər Azərbaycan Ermənistanla baş-başa qalarsa qısa müdət ərzində millətimizin bağrından çıxan ordumuzun gücü ilə işğal olunmuş Dağlıq Qrabağ regionunu və ətraf rayonları düşməndən tam şəkildə təmizləyə bilər, torpaqlarımızdan ata bilər. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Mən hesab edirəm ki, bizim ordu  istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Həm texniki-təchizat, texnoloji, həm də milli-mənəvi ruh və vətənpərvərlik baxımından.

- Bəs bizə mane olan nədir?

-Mən hesab eldirəm ki, bizə mane olan ən başlıca amil beynəlxalq konyukturadır. ATƏT-in Minsk qrupunun sədrləri təcavüzkar dövlətə, Ermənistana təzyiqlər etməlidirlər. Ona qarşı sanksiyaların tətbiqi üçün çalışmalıdırlar. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Təcavüzə məruz qalanla, təcavüzkar dövləti eyni tutmaq olmaz. Ermənistan təcavüzkardır, Azərbaycan təcavüzə məruz qalandır. Qarabağ məsələsinin dinc yolla həllinə mane olan ikili standartlardır. Azərbaycan əgər təkbaşına, Ermənistanla üz-üzə qalarsa qısa müddətdə düşməni darmadağın edə bilər.

- Siz tarixçi alimsiz. Bu proseslərin kökünü daha yaxşı bilirsiz. Ermənistanın hazırkı ictimai-siyasi durumunu necə dəyərləndirmək olar?

-Ermənistanda dövlət deyilən şey yoxdur. Ermənistan dövləti ölü doğulmuş bir dövlətdir. Baş tutmamış dövlətdir. Bu gün Ermənistana diqqət yetirin. Hakimiyyətdə baş kəsənlər, terrorçular, əli qana bulaşmış insanlardır.Onlar bir-birlərini devirməklə məşğuldurlar. Ermənistanda ümumi böhran hökm sürür. Bu həm iqtisadiyyatın böhranıdır, həm idarəetmə böhranıdır, həm hərb sisteminin böhranıdır. Həm də emənilərin milli, psixoloji, mənəvi böhranıdır. Erməni cəmiyyəti, Ermənistan dövləti əgər qonşuları ilə dil tapmasa heç bir zaman inkişaf edə bilməyəcək. Erməni cəmiyyəti həmişə bir-birini didib parçalayacaq. Bu gün Ermənistanda hakimiyyətdəkilər, küçədən hakimiyyətə gələnlərdir. Onların ümumiyyətlə dövlətçilik təfəkkürləri yoxdur. Dövlətçilik təfəkkür olmayan insanların dövləti heç zaman inkişaf eləməz.

- Onda biz məcburuq onlarla bir masa arxasında oturub məsələni həll etməyə?

-Söhbət ondan gedir ki, bu müxtəlif dövrlərdə gətirilib bizə qonşu edilmiş dövlətdir.Yəni biz istəsəkdə, istəməsək də, artıq Ermənistan adlı dövlət var. Bizim də ərazilərimizi xarici yardımlarla Ermənistan işğal eldib. Təkbaşına Ermənistan heç bir zaman Azərbaycan ərazilərini işğal edə bilməzdi.Amma bunu da qeyd eləmək lazımdır ki, Azərbaycan əraziləri bizim ölkəmizin daxilində sabitsizlik,  anarxiya, xaos, qarışıqlıq olan şəraitdə işğal edilib. Dövlət hakimiyyəti zəif olan zamanlarda işğal edilib. Bu gün isə Azərbaycan dövləti güclüdür.Təcavüzkar Ermənistanın burnu əzilməyincə onlar öz yerlərini bilməyəcəklər. Hesab edirəm ki, bu münaqişənin həlli işğal faktorunun aradan qaldırılmasından keçir.Yəni təcavüzkar Ermənistan özünün silahlı qüvvələrini işğal edilmiş Dağlıq Qarabağ regionundan və ətraf  rayonlardan çıxarmalıdır. Ondan sonra digər barışıq tədbirləri həyata keçirilə bilər.

- Dünyanı Ermənistana təzyiq elətdirmək üçün Azərbaycan hansı addımları atmalıdır? Hazırkı durum nə qədər davam edə bilər?

-Ermənistan Azərbaycan ərazilərinin işğalını "oldu-bitdi" kimi qələmə vermək istəyir. Amma bunun heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan ərazilərinin itirilməsi ilə qətiyyən barışmayacaq. Cənab prezidentimiz İlham Əliyevin söylədiyi kimi "ikinci erməni dövlətinin" yaradılmasına heç bir zaman imkan verilməyəcək.Yəni birinci erməni dövlətidir Azərbaycan torpaqlarında yaradılıb. İkincinin isə bizim torpaqlarda yaradılmasına qətiyyən imkan verilməyəcək. Azərbaycan bu məsələdə öz prinsipial mövqeyindən heç bir zaman əl çəkməyəcək. Biz bu məsələnin həllindən ötrü mütləq dövlətimizin güclü olmasına çalışmalıyıq. Ölkəmizdə sabitlik, güclü iqtisadi inkişaf olmalıdır. Eyni zamanda, çox fəal diplomatik işlər həyata keçirilməlidir.

Z.Məmmədli