Xırdalanda arvadına əzab vermədə təqsirləndirilən Elfaq Quliyevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Unikal.org xəbər verir ki, Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosersdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. E.Quliyev barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini qismən təmin edib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişib. Belə ki, onun 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il 6 aya qaldırılıb.

Cəza çəkdiyi müddət ərzində E.Quliyevin üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşadığı ünvanda evdən çıxmamaq, günün qalan hissəsini yaşadığı Abşeron rayonu, Xırdalan və Bakı şəhərinin (apellyasiya instasiyası məhkəməsində iştirakı istisna olmaqla) hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə zalında həbsdən azad olunub.

Daha sonra E.Quliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Şikayət hakim Hafiz Nəsibovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb. İttiham aktına əsasən, E.Quliyev 2012-ci ildə boşandığı keçmiş arvadı M.A (ad, soy ad şərti) ilə 2018-ci ildə barışıb, Xırdalan şəhərində birgə yaşayıb. Yaşadıqları müddət ərzində o, mütəmadi olaraq, qısqanclıq zəminində həyat yoldaşı ilə mübahisə edib, daha sonra döyüb, ona qarşı zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verib. Qadının hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan E.Quliyev barəsində 133.1-ci (əzab verəm, bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə ittiham irəli sürülüb.