Elmar Qasımov kimlərə meydan oxuyur?
Elmar Qasımov kimlərə meydan oxuyur?

Rektor neft kadrlarının hazırlığında liderliyi üzərinə götürməyin mesajını verir

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov yüksək ixtisaslı kadrlara ehtiyac olduğunu deyib. Rektor bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin həyata keçirdiyi bir sıra layihələr yeni kadrlara tələbatı artırır: "Azərbaycan Dövlət Neft Şirkəti həm ölkəmizdə, həm xaricdə böyük layihələr həyata keçirir.
Buna görə də yüksək ixtisaslı, ingilis dilini bilən kadrlara böyük ehtiyac yaranacaq. Bundan başqa ölkəmizdə mühəndislik ixtisaslarına da böyük ehtiyac duyulur".
Qasımovun bu sözləri kifayət qədər iddialı səslənir və iki məqama görə ayrıca diqqət çəkir. Birincisi: "Hazırda həm Azərbaycanda, həm də xaricdə mühəndislik ixtisaslarına böyük ehtiyac var" deməklə Ali Neft Məktəbinin rəhbəri faktiki olaraq bu sahədə Azərbaycanın ən qocaman və aparıcı ali təhsil müəssisəsinin - Dövlət Neft Akademiyasının fəaliyyətini şübhə altına alır, belə çıxır ki, ADNA bu istiqamətdə üzərinə düşən vəzifələri tam yerinə yetirməyə qadir deyil.
İkincisi: Elmar Qasımov əsas vurğunu özünün rəhbərlik etdiyi ali məktəbin üzərinə qoymaqla demək istəyir ki, neft sahəsində ixtisaslı kadrların yetişdirilməsində əsas ağırlığı Ali Neft Məktəbi üzərinə götürəcək və bu sahədə aparıcı təhsil müəssisəsi statusuna üstlənəcək.
Üçüncüsü: "Azərbaycan Dövlət Neft Şirkəti həm ölkəmizdə, həm xaricdə böyük layihələr həyata keçirir. Buna görə də yüksək ixtisaslı, ingilis dilini bilən kadrlara böyük ehtiyac yaranacaq" deməklə də topluma gizli mesaj ötürmüş olur. Demək istəyir ki, Ali Neft Məktəbinə üz tutanlar üçün ARDNŞ-in layihələrində çalışmağa həmişə "yaşıl işıq" yandırılacaq. Bu, Ali Neft Məktəbini abituriyentlərin gözündə şübhəsiz ki, çox cazibədar edəcək və ADNA ilə müqaiyəsədə üstünlüyün Ali Neft Məktəbinə verilməsinə gətirib çıxaracaq.
Əslində Siyavuş Qarayevin rəhbərlik etdiyi Dövlət Neft Akademiyası varkən Ali Neft Məktəbinin yaradılması xeyli təəccübə səbəb olmuş, suallar yaratmışdı. Hətta Qarayevin buna görə incik düşdüyü də bildirilirdi.
Amma Elmar Qasımovun son açıqlamalarından sonra aydın görünür ki, Ali Neft Məktəbi ilə bağlı iddialar xeyli genişdir. Bu səbəbdən də ADNA rəhbərliyinin başından bəri narahatlığına əsas var imiş.
Murad Can