Oqtay Əsədov: “Beynəlxalq qurumlar bəzən tələskənliyə yol verirlər”
Oqtay Əsədov: “Beynəlxalq qurumlar bəzən tələskənliyə yol verirlər”

Milli Məclisin (MM) sədri Oqtay Əsədov Avropa Parlamentinin deputatı xanım Rəşidə Datini qəbul edib.
MM-in mətbuat xidmətindən verilən məlumata görə, O. Əsədov bildirib ki, Avropa strukturlarına inteqrasiya ölkənin xarici siyasətinin prioritet istiqamətlərindəndir: “Azərbaycan quruma üzv ölkələrlə də əlaqələrini genişləndirməkdədir. Biz bundan sonra da Avropada özünəməxsus yeri olan Fransa ilə siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrimizi genişləndirmək niyyətindəyik”.

Sədr qeyd edib ki, bəzən beynəlxalq qurumlar tələskənliyə yol verir, obyektiv reallığı əks etdirməyən məlumatlar əsasında qərarlar qəbul edirlər: “Azərbaycan da bu hallarla rastlaşır. Bədxahlarımızın təsiri altında qəbul olunmuş bu qərarlar ölkə ictimaiyyətini haqlı olaraq narahat edir, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə aradan qalxmasına maneçilik törədir. Biz münaqişənin beynəlxalq hüquq normaları əsasında ədaləti həllinə tərəfdarıq”.
Avropa Parlamentinin fransalı üzvü xanım Rəşidə Dati Bakıda keçirilən II Beynəlxalq Humanitar Forumda iştirakından və burada keçirdiyi görüşlərdən söz açıb. O, Avropa Parlamentində və Fransada Azərbaycanın çoxsaylı dostları olduğunu söyləyib.