Minskdə keçirilən ikinci Avropa Oyunlarında sərbəst güləş üzrə üçqat dünya çempionumuz Hacı Əliyev ilk görüşündə Ermənistan idmançısı Volodya Franqulyanla qarşılaşıb.

Unikal.org xəbər verir ki, dünya və Avropa çempionumuz rəqibi üzərində 6:0 hesabı ilə inamlı qələbə qazanıb.

Bundan başqa, 74 kiloqram çəki dərəcəsində çıxış edən Hacımurad Hacıyev Yunanıstandan olan rəqibinə 10:3 hesabı ilə qalib gələrək bürünc medal uğrunda yarışa vəsiqə qazanıb. Onun rəqibi ukraynalı Vasili Mixaylov olacaq.

Qeyd edək ki, axşam saatlarında keçiriləcək görüşlərdə Hacımurad Hacıyevdən başqa, Mahir Əmiraslanov (-57 kq), Aleksandr Qostiyev (-86 kq) və Camaləddin Məhəmmədov (-125 kq) da medal qazanmaq üçün döşək üzərinə çıxacaqlar. Mahir Əmiraslanov qızıl, digər idmançılarımız isə bürünc medal uğrunda mübarizə aparacaqlar.