Siyəzəndə həmyerlisini namus üstündə öldürməkdə ittiham edilən şəxsin məhkəməsi keçirilib.

Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə qətl törətməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Asim Əbdülovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Asim Əbdülov həmyerlisi Elşən Qədirlini namus üstündə öldürüb. Belə ki, mərhum Elşən Qədirli Asim Əbdülovun həyat yoldaşını bir neçə dəfə narahat edib. Elşən Qədirli Əbdülovun evinin həyətinə qədər gələrək onun xanımına sataşıb. Bir neçə il sonra Asim Əbdülovun xanımı olanları həyat yoldaşından gizlədə bilməyib və hər şeyi ona danışıb. Asim Əbdülov bunları bildikdən bir gün sonra Qədirli ilə görüşüb və aralarında yaranmış mübahisə zamanı onu qətlə yetirib.

Elan olunmuş ittihamla Asim Əbdülov özünü qismən təqsirli bilib. Sərbəst ifadə verən Asim Əbdülov ali təhsilli mühəndis olduğunu, amma uzun illərdir təsərrüfatla məşğul olduğunu söyləyib. O, həbs edilənə qədər quşçuluqla məşğul olduğunu deyib. Əbdülovun sözlərinə görə, bu günə qədər heç kimlə söz-söhbəti olmayıb. Yoldaşının müəllimə olduğunu deyən Əbdülov ailə münasibətlərinin yaxşı olduğunu, problemlər yaşamadıqlarını deyib.

Hadisənin necə baş verməsindən danışan Əbdülov qeyd edib ki, həyat yoldaşı ona Elşən Qədirli tərəfindən narahat edildiyini deyib: "Mənə deyəndə başda ağlıma gətirmədim, inanmadım. Amma sonradan bəzi məsələlər anoloji ardıcıllıqla yadıma düşdü və mən qətiləşdirdim ki, doğrudur. Yoldaşımın işlədiyi məktəbə gedirmiş, həyətimizə gəlirmiş. Yoldaşım söylədi ki, axşamlar mən evə gələnə qədər həyətə qədər gəlib, pəncərəni də döyürmüş. Yoldaşım dedi ki, bu məsələlər ortaya çıxanda öz əmisinə söyləyib ki, Elşənə xəbərdarlıq etsinlər, bu hərəkətlərinə son qoysun. Mənə deməyə çəkinib, düşünüb ki, nəsə hadisə baş verər. Amma iş elə həddə çatıb ki, yoldaşım bunu mənə deyib. Deməli, bir gün evə tez gələndə Elşənin tələm-tələsik bizim həyətdən çıxdığını gördüm. Niyə gəldiyini soruşanda dedi ki, toyuq-cücə almağa gəlib. Mən də ona bildirdim ki, heç vaxt evdə toyuq-cücə satmıram. Cavab verdi ki, guya məni tapa bilməyib və evimə gəlib. Mən də fikir vermədim, ağlıma da başqa nəsə gəlmədi. Bundan başqa bir neçə dəfə yoldaşım məndən evə it gətirməyimi istəmişdi. Deyirdi ki, gecələr qorxur, Mən gələnə qədər həyət sahibsiz qalmasın. Mən də işdən gətirəcəyimi dedim. Bunlar yadıma düşdükcə Elşənin nələr etdiyini dəqiqləşdirirəm".

A.Əbdülov ifadəsinin davamında hadisə baş verən günü yaşananları danışıb: "Yoldaşım bunları danışandan sonra gecə gözümü yuma bilmədim. Pəncərənin qarşısında oturub həyətə baxırdım. Birdən səs gəldi. Həyətdə kiminsə olduğunu hiss elədim. Qaçaraq həyətə çıxdım, amma qaçan adamı görmədim. Səhər yoldaşımı işə apardım. Məhkəbin yaxınlığında Elşəni gördüm. Elşən yaxın qohumunu yoldaşımın yanına hazırlığa gətirirdi. Maşınla Elşənə yaxınlaşdım. Salamlaşdıq, o, özü maşına əyləşdi. Mən söz-söhbətdən ona dedim. Nə baş verdiyini soruşdum. Onu da deyim ki, yenə də ağlımda yanıldığımızı, belə bir şey olmayacağını düşünürdüm. Çünki bu yaşda başıma belə bir işin gəlməsi yuxu idi. Ora gedənə qədər onu öldürmək niyyətim yox idi. Düşünürdüm ki, belə bir şeyin olduğunu inkar edəcək. Amma mənə qayıdıb dedim ki, bir də olmaz. Artıq bu söz məni özümdən çıxardı. Bununla o etdiklərini etiraf etdi. Maşını qəbiristanlığa sürdüm. Orada mübahisə edəndə silahı çıxarıb onu bir dəfə vurdum. Deyə biləcəklərmi bu qədərdir".

Xatırladaq ki, hadisə bu il fevralın 11-də Siyəzən rayonundakı qəbiristanlıqların birində baş verib. A.Əbdülov Elşən Qədirlini güllələyərək öldürüb. A.Əbdülova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.