Minskdə keçirilən II Avropa Oyunlarında sərbəst güləş yarışları başa çatıb. Üç gün mübarizə aparan sərbəstçilər altı dəst medalın sahibini müəyyənləşdirib. 

Unikal.org-un məlumatına görə, Azərbaycan yunan-roma güləşi üzrə yığmasının iki üzvü 1/8 final mərhələsində görüşlərini keçirib.

60 kq çəki dərəcəsindəki Sakit Quliyev xorvatiyalı İvan Lizatoviçlə üz-üzə gəlib və məğlub olub. 67 kq-da yer alan Kərim Cəfərov da Norveç təmsilçisi Haavard Yorgensenin müqavimətini qıra bilməyib. 

Hər idmançı yalnız rəqibləri finala vəsiqə qazanacağı təqdirdə təsəlliverici görüşlərə qatıla bilərlər. 

Qeyd edək ki, Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik (57 kq) təsəlliverici görüşdə italiyalı Françesko İndelikatonu məğlub edərək bürünc medal uğrunda görüşə çıxmağa haqq qazanıb. Onun medal uğrundakı qarşılaşmadakı rəqibi türkiyəli Bediha Gün olacaq.    

Xatırladaq ki, ötən gün Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sərbəst güləşçimiz Hacı Əliyevin qızıl medal qazanması Azərbaycanın mövqeyini bir qədər yaxşılaşdırıb. Aktivində 16 medal olan Azərbaycan millisi medal sıralamasında 15-ci pillədə qərarlaşıb. Bu medallardan ikisinin əyarı qızıl, 5-i gümüş, 9-u isə bürüncdür.

Siyahıya 72 medalla Rusiya başçılıq edir. Təkcə şimal qonşumuzun aktivində 32 qızıl medal var. Rus idmançılar 16 gümüş, 24 bürünc medal qazanıblar.