Şahin Mustafayev inhisarçılarla vuruşmaqdan çəkinir
Şahin Mustafayev inhisarçılarla vuruşmaqdan çəkinir

Son vaxtlar Azərbaycanda qeyri-neft sektoruna bağlı sənaye sahələrinin inkişafı ilə bağlı rəsmilərin açıqlamaları güclənib. Onların arasında iqtisadi inkişaf naziri Şahin Mustafayevin dedikləri də istisna deyil.

Mustafayevin leksikonunda bu inkişaf vurğuları 2011-ci ildən xüsusilə qabarıq görünür. Həmin il "The Business Year - Azerbaijan 2011" adlı xüsusi buraxılışının təqdimat mərasimində iqtisadi inkişaf naziri bəyan etdi ki, son iki ildə Azərbaycanın iqtisadi inkişafını qeydri-neft sektorunda əldə edilən irəliləyişlər müəyyən edib. Sonra da rəqəmlər səsləndirdi.
Artıq bu cür inkişaf bəyanları iqtisadi inkişaf nazirinin çıxışlarının anna məğzinə çvrilib. Rallıq isə Mustafayev kimi düşünməyə nə əsas verir, nə də ümid.
Müstəqil ekspertlər hsab edirlər ki, Azərbaycanda sənaye sektorunun inkişafı olduqca ziddiyyətli gedir. Bir tərəfdən yeni rasional həll variantları axtarılır. Hazırda Sumqayıtda karbamid zavodunun tikintisi üçün podradçının seçilməsinə dair tender prosedurları başa çatdırılır, tikintinin bu ilin sonunda başlanılması planlaşdırılır. Tenderin qalibi olacaq şirkət Gürcüstanda analoji müəssisəni tikmək hüququnu əldə edəcək. Gürcüstanın Qərbində, Kulevi azad sənaye zonasında prezident Mixail Saakaşvilinin iştirakı ilə yenə də ARDNŞ-nin tikdiyi karbamid istehsalı zavodunun təməlqoyma mərasimi baş tutub. İlk dəfə olaraq tikinti çərçivəsində bütün işlər Sumqayıtda analoji müəssisənin yaradılması işləri ilə paralel aparılır. Bu yaxşı ideyadır, hərçənd ki, zavodların tikintisinin qiymətindəki fərq təəccübləndirir. Sumqayıtda onun qiyməti 400 mln dollar, Kulevidə - 700 mln dollardır.
Ancaq ölkədə inhisarların güclənməsi nöqsandır. Sonuncuya yeni qanunlar da imkan yaradır, məsələn, "Kommersiya sirri haqqında" qanun. Ölkədə bütün iqtisadi strukturlar sanki bu qanunun effektini gücləndirmək üçün sözləşib. Sığortaçılar məşğul olduqları sığorta növlərinə dair ətraflı məlumatlar verməyi tərgidib. Guya bu, onlara öz rəqabət üstünlüklərini reallaşdırmağa imkan vermir. Vergi əməkdaşları öz saytında qeydiyyatdan keçmiş yeni şirkətlər barədə ətraflı məlumatlar yerləşdirmir, hələ sahiblərin rekvizitləri barədə danışmırıq.
Bu proseslərin apogeyi Baku Steel Company tərəfindən Sumqayıt boru zavodunun basqınla zəbt edilməsi ilə bağlı hadisə oldu. Bir qədər əvvəl bu müəssisə paytaxtda bir sıra digər kiçik metallurgiya müəssisələrini zəbt etmişdi. Səciyyəvi haldır ki, işləyən müəssisələr udulur. Həmin SBZ özəlləşdirilmişdi, daha sonra yenidən milliləşdirildi və hətta bazarda özünün gəlir yerini də tapdı.
Necə, hansı əsaslarla dövlət müəssisəsi özəl əllərə keçib, heç kimə məlum deyil. Baku Steel Company-nin yeni sahibinin adı da məlum deyil, burda ancaq təxmin etmək olar. Oxşar qeyri-sağlam inhisarlaşma artıq total xarakter alır. O, iqtisadiyyatı içəridən dağıdır və qeyri-neft sektorunun inkişafına ciddi problemlər yaradacaq. Eynilə korrupsiya kimi, nə qədər üstünü örtsən də, yenə üzə çıxır.
Bəs inkişafdan bu qədər danışan Şahin Mustafayev niyə bir dəfə də inhisarlaşma ilə bağlı danışmır? Axı heç bir dərin iqtisadi bilgisi olmayan insanlar da çox yaxşı, aydın dərk edirlər ki, inhisarların mövcud olduğu yerdə inkişaf nə real, nə dayanıqlı ola bilməz. Statistikalar çox şey deyə bilər, amma rəqəmlər həmişə grçəkliyin inikası deyil, xüsusən də pripiskaların adiləşdiyi ölkələrdə.
Şübhəsiz, bu məqamları iqtisadi inkişaf nazirinin özü də bilir, amma üstündən keçməkdən başqa yol görmür. Bizdəki bilgilərə görə, Şahin Mustafayev inhisarçılıq barədə danışmağı özünə faktiki olaraq, yasaqlayıb. Bunun səbəbi də onun monopoliyalar mövzusunun hökumət kulislərində həssaslıq kəsb etdiyini bilməsi və inhisarçı məmurlarla toqquşma yaşamaqdan çəkinməsidir.
Böük ehtimalla indiki iqtisadi inkişaf naziri xələfi Fərhad Əliyevin aqibətini unutmayıb və onun həm azadlıəğını, həm vəzifəsini, həm də varidatını itirməsində inhisarçılıq mövzusunda davamlı fikirlər səsləndirməsinin, anti-monopolist çıxışlarında bulunmasının başlıca rol oynadığını yaddan çıxarmayıb. Məlumatlarımıza görə, Şahin Mustafayev məhz Fərhad Əliyevin aqibətini yaşamamaq üçün inhisarlar mövzusunda danışmaqdan çəkinir.
Ülviyyə Qasımlı