Azərbaycan Ermənistan təyyarələrinə zərbə endirə bilər
Azərbaycan Ermənistan təyyarələrinə zərbə endirə bilər
ATƏT bu məsələdə öz maraqlarını güdür

Artıq bir həftədən çoxdur ki, erməni separatçılarının Xankəndində hava limanını istifadəyə vermə cəhdləri ciddi gərginliklər yaşadır. Azərbaycan tərəfi bəyan edib ki, belə bir hava limanının istifadəyə verilməsi beynəlxalq qanunvericiliyə ziddir və buna görə də ciddi əks-addımlar atılacaq. Amma Ermənistan və Dağlıq Qarabağ erməniləri bildirir ki, Azərbaycan sadəcə hədə-qorxu gəlir və hava limanının qarşısını almaq üçün Azərbaycan tərəfi çarəsiz durumdadır. Elə verilən son açıqlamada buna misal ola bilər. "Xankəndi aeroportunun istifadəyə verilməsi Azərbaycan və Türkiyənin yeni militarist bəyanatlar verməsinə səbəb yaratdı, lakin bu ölkələr bəyanatdan o tərəfə keçməyəcəklər".
Bu sözləri Ermənistanın xarici əlaqələr üzrə daimi parlament komissiyasının sədri, hakim partiyanın üzvü Artak Zakaryan keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycanın təhdidləri ancaq şifahi olacaq, lakin praktikada heç nə tətbiq olunmayacaq:
"Düşünmürəm ki, rəsmi Bakı o qədər uzağı görməyəndir ki, Mülki Aviasiya üzrə Beynəlxalq Təşkilatın üzvü mülki aviasiyaya görə hərəkətə keçsin".
Zakaryan onu da bildirib ki, beynəlxalq ictimaiyyət üçün mülki aviasiya ilə bağlı militarist bəyanatlar qəbul olunmazdır: "Əgər Bakı praktik addımlara keçəcəksə, Azərbaycana qarşı sanksiyalar tətbiq olunacaq".
Bundan başqa, Zakaryan Türkiyə və Suriya arasındakı gərginliyin Azərbaycanın aktivləşməsinə kömək edəcəyini də vurğulayıb. Onun fikrincə, Türkiyənin son addımları fonunda Azərbaycan qeyri-adekvatlıq nümayiş etdirir: "Türkiyənin aktivliyini və dəstəyini görən Azərbaycan nəzarətdən çıxa bilər".
Xatırladaq ki, bu məsələdə Azərbaycana ilk dəstək Türkiyədən gəldi. Türkiyə tərəfi rəsmi şəkildə bəyan etdi ki, hava limanı istifadəyə verilərsə türkiyə Ermənistana hava sərhədlərindən istifadəyə qadağa qoyacaq. Qeyd edək ki, belə bir qadağanın qoyulması Ermənistan üçün ağır zərbə olacaq. Çünki hazırda yalnız Rusiya vasitəsi ilə Avropaya çıxış imkanları olan Ermənistan türkiyə ilə hava sərhədləri qadağasına məruz qalarsa ciddi iqtisadi gərginliklər yaşayacaq. Bu baxımdan hesab edilir ki, Ermənistan məsələyə bir də diqqət ayırmalı və iddiasından imtina etməlidir. Maraqlıdır, bəs Azərbaycanın özü hansı qadağalar tətbiq edə bilər? Hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, Azərbaycanın əlində bir neçə imkan var. Bunlardan birincisi əlində olan imkanlardan istifadə edərək bu uçuşlara əngəllər yarada bilər:-"Hesab edirəm ki, Azərbaycanın elə radiolokasiya imkanları var ki, havaya qalxan təyyarənin dispeççerlə əlaqələrini rahatlıqla poza bilər. Bu isə o deməkdir ki, həmin təyyarə ya geri qayıtmalı olacaq, ya da qəza qaçılmaz olacaq". Üzeyir Cəfərov bildirir ki, Azərbaycan həm də imkanlarından istifadə edərək Türkiyənin atacağı addımı təkrarlaya bilər:-"Azərbaycanın hava sərhədlərindən istifadəyə qadağa qoyması Ermənistana sarsıdıcı zərbə olacaq. Çünki hazırda Ermənistan azərbaycanın hava sərhədlərindən istifadə edərək şərqi Avropaya, Rusiyaya reyslər təşkil edir. Amma bu qadağalar tətbiq olunarsa bu çıxılmaz vəziyyət yaradacaq".
Hərbi ekspert "Unikal"a açıqlamasında tamam başqa bir maraqlı fikirdə səsləndirib. Onun fikrincə Ermənsitanın belə riskli addım atmasına səbəb beynəlxalq təşkilatlardan dəstək görməsidir. Onun sözlərinə görə ATƏT-in Minsk qrupu Ermənistana bu məsələdə yaşıl işıq yandırıb. Bunun səbəbi isə odur ki, Azərbaycanla Ermənistan arasında gərginlik artsın. Çünki hazırda ATƏT-in Minsk qrupu iki ölkə arasında danışıqları davam etdirə bilmir və günü-gündən təsirini və nüfuzunu itirir. Amma belə gərginlik olarsa beynəlxalq təşkilat yenidən aktivləşəcək tərəfləri yenidən danışıqlar masası arxasında əyləşdirməklə öz nüfuzunu bərpa edəcək. Buna görə də qeyd olunur ki, məsələyə həssas yanaşılmalı və Ermənistana təzyiqləri artırmaq lazımdır. Çox qəribədir ki, Dağlıq Qarabağda hava limanının fəaliyyətə başlamasına beynəlxalq təşkilatlar və aparıcı dövlətlər heç bir reaksiya vermir. Belə ikili yanaşma isə özlüyündə vəziyəti daha da mürəkkəbləşdirir. Ekspertlər isə hesab edir ki, hansı vəziyyət olursa olsun Azərbaycan bu məsələdə geri çəkilməməli, hətta ölkənin sərhədlərinin pozulması əsas gətirilərək bu təyyarələrə raket hucumlarıda endirilməlidir. Hətta bunun üçün Azərbaycanın əlində hüquqi əsaslarda var.
Toğrul Əliyev