Dələduzluqda təqsirləndirilən Əli Ağaevli barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Unikal.org xəbər verir ki, Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Ə.Ağaevlinin kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, zərərçəkmiş qismində Qabil Mehdiyevdir. Ona qarşı 500 min manata yaxın dələduzluq edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Kərimov 5 il və Ə.Ağaevli isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən hər iki şəxsin cəzası azaldılaraq qəti olaraq hər birinin üzərində 1 il müddətinə azadlıqdanməhrumetmə cəzası saxlanılıb. Daha sonra Ə.Ağaevli Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bildirilib ki, Ə.Ağaevli iş üzrə dəymiş ziyanı tam olaraq ödəyib.

Xatırladaq ki, “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnistitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Ə.Ağaevli 2010-cu və 2015-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb. O həmçinin 2013-cü ildə “Yeni İslahatçılar” Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyini irəli sürüb, lakin sonradan Mərkəzi Seçki Komissiyasında ərizəsini geri götürüb.

Toğrul Əliyev