“Pirallahı rayonunda məcburi köçkünlər üçün gözəl evlər istifadəyə verilir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl hadisədir. Keyfiyyətli tikilib. Bu günə qədər yararsız binalarda yaşamış köçkünlər indi bu binalarda yaşayacaqlar. Bu, bir daha onu göstərir ki, dövlət məcburi köçkünlərə çox böyük qayğı, diqqət göstərir”.

Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi zamanı məcburi köçkünlərlə görüşü zamanı deyib. Dövlət başçısı qeyd edib ki, son illərdə, həm Bakı şəhərində, həm də bütün bölgələrdə böyük işlər görülüb: “Məcburi köçkünlərin məişət problemləri uğurla həll olunur. Pirallahı rayonunda yaşayan köçkünlər üçün bu gün bu binaların istifadəyə verilməsi bunu bir daha göstərir. Gözəl mənzillər, məktəb - bütün bunlar bir daha onu göstərir ki, dövlət bu məsələ ilə bağlı çox ciddi tədbirlər görür.

Bu il altı mindən çox məcburi köçkün ailəsi üçün yeni mənzillər, fərdi evlər tikilib istifadəyə veriləcək. Burada isə 306 ailə üçün gözəl şərait yaradılıb. Sizi bir daha bu hadisə münasibətilə ürəkdən təbrik edirəm. Ümumiyyətlə, Pirallahı rayonunun inkişafı uğurlu gedir. Burada infrastruktur obyektləri inşa edilir, yaradılır, binalar tikilir, təmir olunur. Yəni, Pirallahı adası tam yeni görkəm alıb. Artıq bir neçə ildir ki, burada gedən quruculuq işləri çox yaxşı nəticə verir. Siz yaxşı bilirsiniz ki, əvvəllər Pirallahıda vəziyyət o qədər də ürəkaçan deyildi. İndi burada bütün lazımi şərait yaradılıbdır”.

Prezident qeyd edib ki, ağır vəziyyətdə yaşayan köçkünlərimizin problemləri də gündəlikdədir:

“İndi genişmiqyaslı işlər aparılır ki, tezliklə bütün köçkünlər yaxşı şəraitlə təmin olunsunlar. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin nəticəsində torpaqlarımız işğal altına düşüb. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Bu istiqamətdə işlər aparılır, həm siyasi-diplomatik sahədə, həm ordu quruculuğu sahəsində.

Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün Dövlət Proqramı da qəbul edilib. Proqram əsasında evlər tikilir, qəsəbələr salınır. Yüzdən çox qəsəbə salınıbdır və bu istiqamətdə bundan sonra da işlər aparılacaq. Qeyd etdiyim kimi, bu il ən azı altı min ailə yeni mənzillərlə təmin ediləcək. Gələn il ondan da çox yeni evlərin tikilməsi nəzərdə tutulur”.