Sumqayıt polisinin əldə edilmiş məlumat əsasında həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan alışqanı ilə birlikdə “F-1” qumbarası aşkar edilərək götürülüb.

Polis bölməsində aparılmış araşdırmalarla onun Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər oğurluq, narkotiklərlə əlaqəli və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş A.Məmmədov olduğu müəyyən edilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.