“Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nə start verilib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, əvvəlcə düşərgə iştirakçıları Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər. Sonra gənclər Şəhidlər Xiyabanına yollanıb torpaqlarımızın azadlığı uğrunda həlak olan vətən övladlarının ruhu qarşısında baş əyiblər. 

Müqəddəs məkanların ziyarətindən sonra düşərgənin keçiriləcəyi Şamaxı şəhərinə yola düşən diaspor gənclərinin şəhər mərkəzində İmadəddin Nəsiminin heykəli qarşısında təntənəli qarşılanma mərasimi keçirilib. Qarşılanmada milli rəqslər və musiqilər, aşıq musiqisi könülləri oxşayıb. 

Düşərgə çərçivəsində Dünya Azərbaycanlıları Gənclər Forumunun da keçirilməsi planlaşdırılıb. 

Qeyd edək ki, Diaspor Gənclərinin II Yay Düşərgəsi Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə keçirilir. Yay Düşərgəsi iyulun 14-də başa çatacaq.