1893-cü ilə qədər Bakı şəhərinin su ilə təminatında quyu suyundan kütləvi istifadə dövrü kimi yadda qalıb. Bu tarixdən sonra sənayenin inkişafı və əhalinin Bakıya axını bu regiona yeni su kəmərlərinin çəkilişini zəruri edib. Zərurətdən qurulan layihələrdən biri də Kür Su Kəmərləri Sistemidir. Bu sistem qurulana kimi, Xaçmaz və Ceyranbatandan Bakıya gətirilən suyun əhalinin və sənayenin tələbatını ödəmirdi. Kür Su Kəmərləri Sistemi qurulduqdan sonra Bakının daha 15 faizi su ilə təmin olundu. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın su sektorunda şah əsəri sayılan Kür sutəmizləyici qurğular kompleksi bu gün də ölkə əhalisinin içməli suya olan tələbatının ödənilməsində mühüm rol oynayır. 

Unikal.org xəbər verir ki, məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə,  ölkənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin Hacıqabul rayonunun Kiçik Talış kəndində yerləşən Kür su təmizləyici qurğular kompleksinə səfəri təşkil olunub. Səfərdə “Unikal”ın əməkdaşı da iştirak edib. 

Öncə jurnalistlərə Kür Su Kəmərləri Sisteminin tarixi və əhəmiyyəti barədə “Azərsu” ASC-nin sədrinin müşaviri, əməkdar mühəndis, bu layihənin həyata keçirilməsində əməyi olan Telman Ağayev məlumat verib: "Ərazisi 150 hektardan çox olan Kür su təmizləyici qurğular kompleksi 2003-cü ilə kimi, ilanların “qaynaşdığı” yer olub. Hazırda bu kompleksdə 50 minə yaxın müxtəlif növ meyvə ağacları da salınıb. Burada ilin bütün mövsümlərinə uyğun meyvə ağacları var. 

Bu sistem qurulanadək Bakını və ətraf rayonları, o cümlədən Abşeron və Sumqayıtı su ilə təchis edən bir sıra su kəmərləri mövcud idi. Buna baxmayaraq, Bakı şəhərinin və ətraf qəsəbələrin içməli suya tələbatı yenə də tam ödənmirdi. Mütəxəssislərin tədqiqatlarından sonra Kür çayının sahilində təmizləyici qurğuların inşası və buradan Bakıya kəmərlərin çəkilməsi layihəsi təsdiqlənir. Kəmərin tikintisi isə ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə reallaşır. 1969-cu ildə Hacıqabul rayonunun Kiçik Talış kəndi yaxınlığında sutəmizləyici qurğuların inşasına, eləcə də kəmərin çəkilməsinə başlanır. Cəmi bir il sonra, 1970-ci ilin sentyabrında birinci Kür Su Kəmərləri Sisteminin 1-ci növbəsi, 1971-ci ilin sentyabrında isə 2-ci növbəsi istifadəyə verilir.  1980-88-ci illərdə 3 növbədə Bakıya yeni magistral kəmərlər çəkilir. Bu kəmər vasitəsilə yeni salınan Günəşli və Əhmədli yaşayış massivlərini su ilə təmin etmək mümkün oldu. 1998-2005-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür sutəmizləyici qurğular kompleksində yenidənqurma işləri aparılıb. 

Layihəyə uyğun olaraq radial, üfüqi durulducular, süzgəclər, xlorator və reagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən qurulub, nəticədə kompleksin emal gücü saniyədə 9,5 kubmetrə çatdırılıb, eyni zamanda, suyun keyfyiyyəti standartlara uyğunlaşdırılıb”.

Daha sonra Kür sutəmizləyici qurğularının iş prinsipi ilə yaxından tanış olan KİV nümayəndələrinə burada suyun təmizlənməsi prosesi barədə ətraflı məlumat verilib. 

Kür Su Təchizatı idarəsinin rəisi Eldəniz Həsənov jurnalistlərin diqqətinə çatdırıb ki, çaydan üzən nasos stansiyaları vasitəsilə götürülən su radial durulduculara ötürülür. Burada xüsusi kimyəvi reagentlərdən istifadə edilərək lil çökdürülür.

Növbəti mərhələdə su horizontal durulducularda emal olunur. Nəhayət, 3-cü mərhələdə süzgəclərdən keçən su anbara ötürülür və buradan nasoslarla magistral kəmərlərə vurulur. Uzaq məsafədən suyu Bakıya çatdırmaq üçün magistral xəttin 89-cu kilometrində - Səngəçal qəsəbəsi yaxınlığında yenidən qaldırıcı nasoslardan istifadə olunur.
O da, qeyd olunub ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi, eləcə də Ceyranbatan  Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisi ilə əlaqədar Abşerona  verilən içməli suyun həcmi xeyli artıb. 

Bu da Kür sutəmizləyici qurğular kompleksindən Bakıya verilən suyun bir hissəsinin ölkənin Muğan və Aran bölgələrinə yönəldilməsi üçün geniş imkan yaradıb. Bu məqsədlə 107 km uzunluğunda Şirvan-Muğan və 62 km uzunluğunda Sabirabad-Saatlı magistral su kəmərləri, eləcə də anbarlar tikilərək istismara verilib. Bununla da, Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Sabirabad və Saatlı şəhərlərinin, eləcə də magistral kəmərin marşrutu boyunca yerləşən kəndlərin su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Gələcəkdə isə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə də suyun verilməsi nəzərdə tutulur. Bütövlükdə isə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Şirvan-Muğan və Sabirabad-Saatlı magistral su kəmərlərlərindən 7 şəhərin və 168 kəndin 630 min nəfər sakini faydalanacaqdır. 
Eyni zamanda, ölkə rəhbərliyinin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC tərəfindən Hacıqabul və Şamaxı rayonlarının ərazisində 10 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihəsi həyata keçirilib. Layihə çərçivəsində həcmi 50 min kubmetr olan anbarlar tikilib, Kür sutəmizləyici qurğularından Padarçöl adlanan əraziyə 27,5 km uzunluğunda əsas daşıyıcı kəmər çəkilib. Əkin sahələrinin suvarılması üçün Kür sutəmizləyici qurğularından həmin ərazilərə suvarma suyunun verilməsi təmin olunub”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə danışıb. O bildirib ki,  “Azərsu” ASC  ölkə üzrə  1,4 milyondan artıq abunəçiyə su təchizatı və kanalizasiya xidməti göstərir. Əhalinin  su təchizatı sisteminin yaxşılaşdırılmsında Kür Su Kəmərləri Sisteminin böyük əhəmiyyəti var.

Sonda idarə rəisi Eldəniz Həsənov söhbət əsnasında kür çayının axdığı ərazilərdə yaşayan insanlara da müraciət edib:

“İşimiz çox çətindir. Elə gün olur ki, 24 saat burada qalmaq məcburiyətindəyik. Bəzən su o, qədər lil olur ki, biz onun durulmağını gözləyirik. Amma, çox vaxt məişət tullantılarının "surprizi" ilə də qarşılaşırıq. Bəzən sudan o qədər məişət tullantıları çıxır ki, qurğuları dayandırmaq məcburiyətindəyik. Əhalidən xahiş edirik ki, tullantılarını Kürə atmasın". 

E.Həsənov bunun bağlı müvafiq qurumlara məktub ünvanlacağını da istisna etməyib: "Müvafiq qurumlara, xüsusən yerli icra hakimiyyətlərinə məktub ünvanlamaq fikrindəyik. Əksər yerlərdə əhali nə zibili varsa Kürə atır! Bu da sonda ciddi fəsadlara yol açır. Yerli icra orqanları bununla bağlı əhali arasında marifləndirmə işlərini gücləndirsələr daha yaxşı olar”.