Ağdaş rayonunda Ümummilli lider Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Unikal.org
xəbər verir ki, tədbirdən öncə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, Millət vəkili, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov və rayon ictimaiyyətinin nümayəndələri xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gələrək tər çiçək dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə ilk gəlişi xalqımızın taleyində böyük rol oynamış,  ümummilli liderin apardığı islahatlar nəticəsində Azərbaycan 1969-1982-ci illərdə  aqrar ölkədən hərtərəfli inkişaf edən sənaye ölkəsinə çevrilmiş, eyni zamanda bu müddət ərzində ölkəmiz keçmiş müttəfiq respublikalar arasında bütün fəaliyyət istiqamətləri üzrə daim öncüllər sırasında olmuşdur. Müstəqilliyin ilk illərində ümummilli liderin hakimiyyətə təkrar qayıdışı isə Azərbaycanı parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etdi. Heydər Əliyevin dünya siyasətində mövqeyi, ölkənin bugünkü uğurlarında onun siyasətinin rolu şərh olundu. Bu gün uğurla davam edən Heydər Əliyev siyasətinin xalqa, dövlətə gətirdiyi nailiyyətlər faktlarla təqdim edildi. 
Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün dönəmləri ərzində Ağdaş rayonunun iqtisadiyyatı sürətlə inkişaf etmiş, onlarla sənaye obyektləri, emal müəssisələri işə düşmüş,  rayon ərazisində yüzlərlə kilometr yollara asfalt  örtük döşənmiş, onlarla müasir tipli təhsil, səhiyyə və mədəniyyət ocaqları,  yeni yaşayış binaları tikilmiş, rayon mərkəzi, qəsəbə və kəndlərin işıq,  qaz  və su təchizatı ilə bağlı problemlərinin həllində böyük dönüşə nail olunmuşdur. Ulu öndər respublikaya rəhbərliyinin 34 ili ərzində 5 dəfə Ağdaş rayonuna səfər etmiş, onunla keçirilən unudulmaz görüşlər ağdaşlıların qəlbində silinməz izlər buraxmaqla, bu gün də məmnunluqla xatırlanır.
Tədbirdə qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev təkrar siyasi hakimiyyətə qayıdışından sonra titanik fəaliyyəti ilə  sevdiyi xalqına firavan,  dinamik inkişaf edən bir dövlət miras qoyub getmiş, onun böyük quruculuq missiyası  və dövlətçilik ənənələri möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.