Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağışla əlaqədar respublikanın əksər dağ çaylarında sululuğun artımı müşahidə olunub.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 130 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normadan çox olmaqla 40-110 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 140-190 faizini təşkil edir. 

Departamentdən Unikal.org-a  bildirilib ki, iyulun 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 87 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 42 faizini təşkil edir. 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 55 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 49 faizinə bərabərdir. 

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 1 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 30 kubmetrə bərabərdir ki, bu da ongünlük normadan az olmaqla normanın 35 faizini təşkil edir. 

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr artaraq 325 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 69 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 9 santimetr azalıb və 85 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 6 santimetr azalaraq 167 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 4 santimetr artaraq 40 santimetrə bərabər olub.