Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin birinci yarımilində vətəndaş müraciətlərinin araşdırılması zamanı 77 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Vətəndaşların bir qisminin Xidmətə müraciətlərində isə onlara sosial xarakterli ödənişlərin verilməsinin gecikdirildiyi ifadə olunub. Bununla əlaqədar görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər tərəfindən ümumilikdə 51,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib.

Həmin məbləğin 93,1 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlərin ödəməli olduqları müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.