Azərbaycanda sysmoloji xidmətin 110 yaşı
Azərbaycanda sysmoloji xidmətin 110 yaşı
Akif Əlizadə: “Təhlükənin qarşısının alınması üçün dənizdibi seysmoloji monitorinq aparılır”

Azərbaycanda seysmoloji xidmətin 110 illiyi qeyd olunur. Bununla əlaqədər olaraq oktyabrın 8-də AMEA-da “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda V Beynəlxalq konfrans keçirilib.
Konfransda Baş nazirin müavini Abid Şərifov də iştirak edib. O, çıxışında bildirib ki, müstəqillik dövründə digər sahələrdə olduğu kimi seysmologiya elmində də uğurlar əldə olunub. Hazırda isə Azərbaycanda seysmologiya elmi öz inkişaf dövrünü yaşayır: “Artıq bəzi ölkələrdə Azərbaycan seysmoloqlarının praktikasından istifadə edilməyə başlanılıb. Zəlzələ bütün dünyada bəşəri problemdir və sərhəd tanımır. Azərbaycan ərazisi də seysmik baxımdan aktiv olduğundan bu məsələyə daim diqqət göstərilib. Respublikamızda tarixən güclü zəlzələlər baş verib. 2000-ci ildə Bakıda, bu ilin mayında Zaqatalada baş verən zəllələr də bunu bir daha göstərdi”. A.Şərifovun sözlərinə görə, hazırda Respublika Seysmoloji Xidmət Mərkəzində kompleks tədqiqatların aparılır: “Xəzər dənizinin Azərbaycan sektorunda ilk dəfə olaraq dənizdibi seysmik stansiyaların quraşdırılmasına başlanılıb. Bu stansiyalar dənizdə baş verən zəlzələlərin daha dəqiq qeydiyyatını aparmağa, Xəzərin seysmikliyini, dərinlik quruluşunu, karbohidrogen yataqlarında geodinamik şəraiti qiymətləndirməyə imkan verəcək”.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə ölkəmizdə seysmologiya sahəsində xeyli nəaliyyətlər olduğunu qeyd edib: “Azərbaycan seysmoaktiv ərazidə yerləşdiyindən ölkə ərazisində hər gün müxtəlif maqnitudalı zəlzələlər olur. Ümumiyyətlə, XX əsrdən başlayaraq Yer qatında gərginlik çoxalmağa başlayıb. Yer qatında endogen proseslərin, hərarətin, təzyiqin, istilik sahələrinin dərinləşməsi və genişlənməsi Yer səthinə fəlakətli təsirlər göstərir. Bu il Azərbaycanda seysmoloji xidmətin yaranmasının 110 ili tamam olur. 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra Nobel qardaşlarının təşəbbüsü ilə Bakıda və Şamaxıda ilkin seysmik stansiyalar qurulub və bununla da Azərbaycan ərazisində instumental seysmoloji müşahidələrə başlanılıb. Bir əsrdən çox yaşı olan Azərbaycan seysmoloji xidmətinin bu gün MDB məkanında ən müasir telemetrik seysmik stansiyaları var və mərkəz əldə etdiyi kompleks nəticələrinə görə bütün birlik ölkələrindən öndə gedir. Mərkəz 20-dən artıq xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edir. Dörd mühüm beynəlxalq seysmoloji təşkilatın - Birləşmiş Seysmoloji Tədqiqatlar İnstitutu (İRİS) ABŞ, Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi (ORFEUS), Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) və Avropa Seysmoloji Komissiyasının (ESC) üzvüdür”.
Azərbaycanda hazırda 30-dan artıq seysmoloji stansiya fəaliyyət göstərdiyini bildirən A.Əlizadənin sözlərinə görə, neft hasil olunan yerlərdə hər hansı təhlükənin qarşısının alınması üçün dənizdibi seysmoloji monitorinqlər aparılır.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Azərbaycanda baş verən zələzələlər, onun nəticələri, bu sahədəki hazırki vəziyyət və digər məsələri əhatə edən təqdimatla çıxış edib: “427-ci ildən 2012-ci ilın yarısınadək Azərbaycanda baş verən ən güclü zəlzələlərin episetr xəritəsi hazırlanıb. Yaxın tarixi götürdükdə, zəlzələlərin baş vermə ehtimalı çox güclü olmasa da, ancaq seysmogen zonalar həmişə aktiv olub. Şamaxı və İsmayıllı çox aktiv seysmik zona olduğundan tarixən burada rixter cədvəli ilə götürdükdə maqnitudası 5-dən yüksək zəlzələlər vaş verib. Ən axırıncı güclü dağıdıcı zəlzələ 1902-ci il yanvarın 31-də baş verib. Həmin gündən sonra Azərbaycanda seysmik stansiyalar quraşdırılmağa bağlayıb və bu işin nəzarəti aparılır”.
Qeyd edək ki, dünən Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanda seysmoloji xidmətin 110 illiyinə həsr olunan “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda V Beynəlxalq konfrans öz işinə başlayıb. Oktyabrın 12-dək davam edəcək tədbirdə dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın nümayəndəsi, həmçinin elm xadimləri, ali məktəblərin rektorları, yüksəkvəzifəli dövlət və hökümət nümayəndələri iştirak edirlər. Üç gün davam edəcək müzakirələr zamanı ayrı-ayrı ölkələrdən olan seysmoloq alimlər məruzələrini təqdim edəcəklər. Həmçinin konfrans iştirakçılarının Şamaxı rayonuna da səfəri nəzərdə tutulur.
Ülviyyə Qasımlı