“Neftçi” Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündə “Speranta”nı (Moldova) qəbul edib.

Unikal.org PFL-ə istinadən xəbər verir ki, ilk oyunda rəqibi 3 cavabsız qolla məğlub edən “ağ-qaralar”, bu dəfə daha rəhmsiz olublar. 6:0 hesabı ilə qalib gələn “Neftçi”nin heyətində Vangelos Platellas (2), Emin Mahmudov (pen.), Dario Frederiko, Stiven Monroz və İsmayıl Zülfüqarlı fərqlənib.

Darmadağın sayəsində “Neftçi” avrokuboklarda bir oyunda rəqibin qapısından 6 və daha artıq top keçirən ilk Azərbaycan klubu olub. Bunadək “Qarabağ” “Samtredia”nı (Gürcüstan), “İnter” (indiki “Keşlə”) “Trans Narva”nı (Estoniya) 5:0 yenməyi bacarmışdı.

“Neftçi” avrokuboklarda iki oyunun nəticəsinə görə (9:0) rəqibin qapısından ən çox top keçirən Azərbaycan klubu adına da yiyələnib. İndiyə qədər klublarımızın avrokuboklarda iki oyunun nəticəsinə görə ən böyükhesablı qələbələri “Qarabağ” “Banqa” (Litva), “İnter” (indiki “Keşlə”) “Trans Narva” (Estoniya) üzərində qazanmışdı (7:0).