2019-cu il iyulun 1-nə olan statistikaya görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 167,9 min nəfər olub. Onlardan 4 milyon 915,2 min nəfəri məşğul əhalidir.

Unikal.org-un məlumatına görə, 2018-ci il iyulun 1-i vəziyyəti ilə müqayisədə həm iqtisadi fəal əhalinin sayı, həm də iqtisadiyyatda işləyənlərin sayı artıb. Dövr ərzində iqtisadi fəalların sayı 5 milyon 108,9 min nəfər olub. Onlardan 4 milyon 856,5 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunur ki, 2019-cu il iyunun 1-i vəziyyətinə görə muzdla işləyənlərin sayı 1 milyon 590,7 min, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 898 min, qeyri-dövlət sektorunda isə 692,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 35 min, qeyri neft-qaz sektorunda isə 1 milyon 555,7 min nəfər çalışıb.

İyul ayının 1-dək məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı da ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 min nəfər artaraq 55,8 min nəfər olub. Onların 34,6 faizi qadınlardan ibarətdir. İşsizlikdən sığorta ödənişinin orta məbləği isə 221,2 manat olub. Bu rəqəm ötən il 287,2 manat təşkil edib.

Bakıdan sonra ən çox işsiz şəxs Sumqayıt, Abşeron, Şəmkir və Salyanda qeydə alınıb.