İran "talış kartı"nı yenidən işə salmaq istəyir
"Azərbaycanda talışlara muxtariyyat verilməlidir" kimi absurd iddialar hansı regional oyunun tərkib hissəsidir?

İran-Azərbaycan münasibətləri heç zaman rəvan olmayıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra cənub qonşumuz ələ düşən şər fürsətdə müstəqil Azərbaycan dövlətini həzm edə bilmədiyini ifadə edib. Rəsmi Bakını daim lüzumsuz konfliklərə sürükləməyə çalışan Tehran rejimi bununla da sanki "sizinlə heç zaman normal münasibətlər qurmayacağıq" mesajını verməyə çalışıb.
Hətta İran diplomatlarının "ütülü danıqışlarında" belə təhdidlərin aşkar şəkildə özünü göstərməsi və Bakının hər dəfəsində bunlara lazım olduğundan da artıq dözümlülük nümayiş etdirməsi İran-Azərbaycan münasibətləri üçün spesifik çalar hesab olunmalıdır. Amma həlledici anlarda rəsmi Bakı da səbrinin hüdudsuz olmadığını göstərmək zorunda qaldığı anlar az olmayıb. Elə bir müddət öncə Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun İrana yönəlik "sizin dininiz də, mənəviyyatınız da saxtadır" bəyanatını məhz bu qəzəbin rəsmi şəkildə görsənişi kimi yozmaq mümkündür. Sonra məlum konfliktin nəylə yekunlaşdığını hər kəs bilir. İranda həbs olunmuş azərbaycanlı şairlər azadlığa buraxıldı, bunun ardınca diplomatik münasibətlərdəki "çatlar" doldurulmağa başlanıldı və sanki problemlər arxada qaldı. Amma İran-Azərbaycan münasibətlərinə yaxından bələd olan şərhçilər haqlı olaraq bunu müvəqqəti atəşkəs hesab edirdilər. Onların nə qədər haqlı olduğunu isə bugünlərdə Ermənistan paytaxtında baş tutmuş konfransda İran nümayəndəsinin açıqlamaları sübut etdi.
Belə ki, İrandakı talışların nümayəndəsi Əli Əbdüli Azərbaycanda talışların ağır vəziyyətdə yaşadığını iddia edib. İrəvanda keçirilən "Qafqaz-Xəzər regionunun yerli xalqları" mövzusunda keçirilən konfransda çıxış edən İran nümayəndəsi "Azərbaycanda talışları fiziki cəhətdən də məhvolma təhlükəsi gözləyir" - deyə vurğulayıb.
Erməni mətbuatına müsahibəsində Ə.Əbdüli Azərbaycanda yaşayan talışların SSRİ dağıldıqdan sonra muxtariyyət əldə etməyə çalışdığını bildirib: "Mən elm və mədəniyyət nümayəndəsi kimi siyasi qiymət vermək istəmirəm. Amma Azərbaycanda talışlara qarşı münasibət məni narahat edir".
Hətta Azərbaycanda talışların fiziki cəhətdən məhv edildiyi, həbs olunduğunu iddia edən İran təmsilçisi ölkəsində talışlara qarşı fərqli münasibətin olduğunu deyib. Onun iddiasına görə, İranda Azərbaycandan fərqli olaraq talışlar öz mədəniyyətlərini inkişaf etdirir və hətta siyasi dairələrdə təmsil olunurlar.
Göründüyü kimi İran tərəfi rəsmi şəkildə olmasa da Azərbaycana qarşı təxribatını davam etdirir və bu zaman "talış kartından" belə öz çirkin məqsədləri üçün istifadə etməyə uğursuz cəhdlər edir.
Natiq Rəhimli