22 Oktyabr 2019
21 Oktyabr 2019
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər İQTİSADİYYAT 16:42 2019-07-23

Azərbaycan “Doing Business” hesabatında “Biznesə başlama” meyarı üzrə cari ildə dünyanın ən yaxşıları sırasında yer almağı hədəfləyir. 2019-cu ilin hesabatına görə bu meyarda dünyanın ən yaxşı onluğu sırasına daxil olan ölkəmiz cari ildə biznesə start verilməsi qaydalarında bir sıra yeniliklər tətbiq etməklə mövcud prosedurları daha da asanlaşdırıb.

Vergilər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, 2008-ci ildən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı “Bir pəncərə” prinsipi ilə Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. 2012-ci ildən etibarən isə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı elektron formada həyata keçirilməyə başlanıb. 2018-ci ilin sonlarında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilmiş dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində əlverişli mühitin formalaşmasına müsbət təsir göstərərək yeni rəqəmsal elektron qeydiyyat sisteminin qurulması ilə nəticələnib. 

2019-cu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi çox sadələşib. İslahatlar nəticəsində prosedurların sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb. Hüquqi şəxs olaraq biznesə başlamaq üçün tələb olunan maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. 

İslahata qədər elektron qeydiyyat yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən elektron imza və ya Asan Sertifikat Xidməti Mərkəzi tərəfindən verilən “Asan imza” vasitəsilə həyata keçirilirdi. Cari ilin əvvəlindən başlayaraq hüquqi şəxsin dövlət qeydiyyatı, ƏDV qeydiyyatı və bank hesabının açılması cəmi bir prosedurla icra olunub tamamlanır. Beləliklə, qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, həmçinin qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Yeni xidmətdən yararlanan istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kod və mobil nömrə ilə indentifikasiyadan keçirlər. 

“Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin yeni redaksiyası “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilmiş dəyişikliklər nəzərə alınmaqla hazırlanıb və elektron hökumət portalında yerləşdirilib. Həmçinin bu yeni inzibati reqlamentə uyğun olaraq proqram təminatında müvafiq dəyişikliklər edilib və yeni xidmət 2019-cu ilin yanvar ayında istismara buraxılıb. Yeni proqram təminatının mobil operatorların elektron sistemi və əmək müqaviləsi bildirişlərinin qeydiyyatı sistemi ilə inteqrasiyası da təmin edilib. 

Bu islahat vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan son dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir. 

Qeyd edilməlidir ki, hazırda “Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. “Doing Business 2019” hesabatında Azərbaycan üçün “Biznesə Başlama” indikatoru üzrə 3 prosedur, 3,5 gün və 18 manat xərc nəzərdə tutulmuşdur. Lakin 2019-cu ildə həyata keçirilmiş islahatlar nəticəsində biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət cəmi 1 prosedur çərçivəsində 0,5 gün ərzində onlayn qaydada qeydiyyata alınır.

Beləliklə, müvafiq meyarlarda əhəmiyyətli dəyişikliyə nail olunub. Bu isə onu deməyə əsas verir ki, aparılmış islahat ölkəmizin “Doing Business” hesabatında mövqelərinə müsbət təsir edəcəkdir.