Generalın qudası sevgilisinə bahalı ev aldı
Generalın qudası sevgilisinə bahalı ev aldı

Dəyəri böyük məbləğlərlə ölçülən Badamdardakı evinin fotoşəkilləri yaxın günlərdə "Unikal"da

Hazırda ayrı-ayrı vəzifəli şəxslərin və məmurların dövlət vəsaiti hesabına özləri üçün dəbdəbəli həyat şəraiti yaratmaları az qala dəb halını alıb. Sözügedən məsələ dəfələrlə ölkə mətbuatında və siyasi müzakirələrdə qaldırılsa da nəinki həll olunmayıb, əksinə yüksək maddi təminata malik elitar dairələrdə adi həyat norması sayılmaqdadır. İndi isə yeni bir tendensiya da özünü göstərməkdədir.

Belə ki, müxtəlif vəzifə sahibləri və ya arxalı iş adamları sevgililəri üçün də komfortlu həyat şəraiti yaratmaq yarışına girişiblər. Əslində bəziləri bunu hər kəsin şəxsi işi adlandıraraq belə halların mətbuat səhifələrində müzakirəyə çıxarılmasına etiraz edə bilər. Təbii ki, biz də yaxşı bilirik ki, hər kəsin şəxsi həyatı var və onu necə yaşaması şəxsi iş hesab olunmalıdır. Amma burada daha bir incə məqam var ki, bunun da üzərindən sükutla keçmək mümkün deyil.
Söhbət ondan gedir ki, hər bir məmurun və ya vəzifəli şəxsin dövlət tərəfindən müəyyən edilmiş əmək haqqı var. Amma onun əldə etdiyi və malik olduğu həyat şəraiti elə gözqamaşdırıcıdır ki, bunu həmin maaşla reallaşdırılması adamda şübhə doğurur. Hələ söhbət heç dövlət məmuru olmayan, yalnız adını çəkmək istəmədiyimiz bir generalın qudası olduğu üçün özünü "toxunulmaz" hesab edən şəxsdən gedirsə sitiuasiya daha dözülməzdir. Hər halda əldə etdiyimiz məlumatlar belə düşünməyə əsas verir ki, kimlərsə nüfuzlu şəxslə qohumluqdan özü üçün "təhlükəsizlik çətiri" hesab edir və ona görə də bəzən davranışlarının əndazədən çıxdığının belə fərqində olmur.
"Unikal" qəzetinin elektron ünvanına daxil olmuş bir materialda da məhz bu kimi neqativ hallardan söhbət açılır. Daxil olan informasiyada hələlik bəzi səbəblər üzündən adını açıqlamaq istəmədiyimiz bir generalın qudasının anormal hərəkətləri öz əksini tapıb. Belə ki, həmin general qudası Badamdar qəsəbəsində dəyəri fantastik rəqəmlərlə ifadə oluna bilən bahalı bir evi öz sevgilisinə hədiyyə edib. Yuxarıda da qeyd etdiyimiz kimi həmin generalın da, generalın qudasının da adları redaksiyamıza bəllidir, sadəcə olaraq bu istiqamətdəki araşdırmalarımız yekunlaşmadığından adların açıqlanmasını məsləhətə uyğun hesab etmədik.
Qeyd edək ki, elektron ünvanımıza göndərilmiş yazının sonunda bildirilir ki, məqalənin qəzetimizdə dərcindən sonra həmin villanın fotoşəkilləri də redaksiyamıza təqdim olunacaq. Biz isə qəzet olaraq, bunun adını çəkmək istəmədiyimiz generalın rəqibləri tərəfindən məqsədli şəkildə ötürülə biləcəyi versiyasını da nəzərdən qaçırmayaraq adları çəkilən şəxslərin də mövqeyini öyrənməyə və dərc etməyə çalışacağıq.
Orxan Həsənli