NATO Azərbaycan ilişgisində yeni mərhələ
NATO Azərbaycan ilişgisində yeni mərhələ

Dağlıq Qarabağ probleminin həllində NATO təsiri

Son iki il ərzində Azərbaycanla NATO arasındakı münasibətlərdə bir soyuqluq müşahidə olunmağa başladı və əksər ekspertlər bunu təhlükəli hal kimi dəyərləndirdilər. Hətta həmin zaman Azərbaycan Tərəfsizlər Təşkilatına qoşuldu və bəyan edildi ki, Azərbaycan bundan sonra hər hansı hərbi bloka qoşulmayacaq. İş o yerə çatmışdı ki, Azərbaycanın antiterror koalisiyası çərçivəsində Əfqanıstandan sülhməramlılarını geri çağıracağı, hərbi hava limanından istifadəyə qadağa qoyacağıda proqnozlaşdırılırdı. Düzdür bunlar baş vermədi.Amma Gürcüstan NATO-ya nə qədər yaxınlaşdısa,Azərbaycanda bir o qədər NATO ilə əməkdaşlığı dondurdu.

Hətta birgə hərbi təlimlərdən, seminarlardan imtina olundu. Nəhayət NATO baş katibi Azərbaycana gəldi və bağlı qapılar arxasında aparılan danışıqlar nəticəsində müəyyən irəliləyişlərə nail ola bilindi. İndi isə bu buz əriməyə başlayıb. Hətta yenidən müzakirələrə start verilib. Belə ki, Azərbaycanda təhlükəsizlik sektorunda islahat və Ermənistan-Azərbaycan münaqişəsi üzrə fikir mübadiləsi aparılıb Şimali Atlantika Müqaviləsi Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikasının 2012-ci il Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının Qiymətləndirmə sənədinin müzakirəsi keçirilib. Azərbaycanın NATO yanında nümayəndəliyindən verilən məlumata görə, "28+1" formatında keçirilmiş müzakirələrdə Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəsmiləri iştirak ediblər.
Müzakirələr zamanı NATO-ya üzv ölkələr Azərbaycanın sadiq və etibarlı tərəfdaş olduğunu vurğulayıb və ölkənin NATO cari gündəliyində duran çoxşahəli məsələlər, o cümlədən meydana gələn təhlükəsizlik çağırışları, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatı üzrə fəal əməkdaşlığını və töhfəsini yüksək dəyərləndiriblər.
Görüşdə digər məsələlərlə yanaşı Azərbaycanda təhlükəsizlik sektorunda islahat, qüvvələrin NATO ilə qarşılıqlı operativ uzlaşması, regionda təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi üzrə fikir mübadiləsi aparılıb. Azərbaycan ilə NATO arasında bu kimi məsləhətləşmələr ildə bir dəfə keçirilir. Azərbaycan hazırda 2012-2013-cü illəri əhatə edən FTƏP-in üçüncü mərhələsini həyata keçirir.
Maraqlıdır, bəs bu əməkdaşlıq hansı perespektivlər vəd edir? Ekspertlər bildirir ki, NATO ilə münasibətlərin yenidən qaydaya düşməsi və bu məsləhətləşmələrin həyata keçirilməsi ilk növbədə Dağlı Qarabağ probleminin sabahı üçün çox vacibdir. Yeri gəlmişkən qeyd edək ki, hazırda Azərbaycan yeni bir problemin astanasındadır və bu ərəfədə NATO-un imkanlarından yararlanmaq yerinə düşər. Belə ki, Ermənistan Xankəndində hava limanını bərpa edib və uçuşlar həyata keçirtməyə hazırlaşır. Azərbaycan tərəfi isə açıq şəkildə bəyan edib ki, belə bir hal olarsa əks cavablar veriləcək, hətta hərbi yola əl atılacağıda gözlənilir. Bunun qarşılığında isə nədənsə ATƏT-in Minsk qrupu məsələyə biganə yanaşır, hətta hava limanının olmasını normal şəkildə qəbul edir. Bu isə Azərbaycan üçün o qədər də yaxşı hal deyil. Ekspertlər hesab edir ki, Azərbaycan buna görə NATO ilə əməkdaşlığından istifadə edərək bu ölkə vasitəsi ilə Ermənistanı durdura bilər. Qeyd edək ki, NATO-da təmsil olunan Türkiyə bu təşkilatda ciddi nüfuza sahibdir və hesab etmək olar ki, Türkiyə öz imkanlarından istifadə edərək
Problemin həllinə NATO-yu cəlb edəcək. Bundan başqa hazırda ciddi dairələrdə artıq belə fikirdə səsləndirilir ki, ATƏT-in Minsk qrupunu da NATO əvəzləyə bilər. Ekspertlər hesab edir ki, əslində NATO-un Dağlıq Qarabağ prosesinə cəlbi daha doğru addım olar və burdan daha real nəticələr əldə etmək olar. Çünki ATƏT-in Minsk qrupunun hazırda fəaliyyəti nəin ki, tərəfləri qane edir. Hətta Fransa və Rusiya açıq şəkildə Ermənistana simpatiyada göstərirlər. Amma NATO-un cəlbi qüvvələr nisbətini dəyişdirə, hətta ədalətli balansda yarada bilər. Düzdür belə fikirlər səsləndirilir ki, BMT ATƏT-in Minsk qrupunu əvəz etməlidir. Amma reallıq budur ki, BMT təsiretmə imkanlarını itirib və bu günə qədər Dağlıq Qarabağla bağlı çıxartdığı qətnamələrin icrasını təmin edə bilməyib. Beləliklə hesab etmək olar ki, Azərbaycan NATO ilə əməkdaşlığı dərinləşdirməli və bu qurumun regionda təsir imkanlarını artırmalıdır. Belə olan halda sabah hətta sülhməramlı qüvvələr şəkilində NATO birləşmələrinin bölgəyə gəlməsinə də nail olmaq mümkündür.
Mehdi Əli