4 rayonun təhsil şöbəsi müdirinə həbs təhlükəsi
4 rayonun təhsil şöbəsi müdirinə həbs təhlükəsi

Aparılan yoxlamalarda ciddi nöqsanlar
aşkarlandı, işin sonrası daha ağır ola bilər

Azərbaycanın bir neçə şəhər və rayon Təhsil şöbələrində yoxlama aparılıb və nəticədə ciddi nöqsanlar aşkarlanıb. Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinini rəhbəri Mais Piriyev məlumat verib.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2012-ci il nəzarət tədbirləri üzrə iş planına əsasən Şəki şəhər, Goranboy, Qəbələ və Tovuz rayonlarının Təhsil şöbələrində yoxlamalar aparılıb. Nazirliyin mətbuat xidmətinini rəhbəri Mais Piriyevin saytımıza bildirdiyinə görə, ümumtəhsil məktəblərində siniflərin komplektləşdirilməsinin, evdə təhsilin təşkilinin və pedaqoji işçilərin ixtisasartırma kurslarına göndərilməsi işlərinin mövcud qanunvericiliyə uyğunluğu yoxlanılıb.
Yoxlamalar müəyyənləşdirib ki, siniflərdə şagirdlərin sayı müvafiq qaydada müəyyən edilmiş normadan az olduğu hallarda və ibtidai siniflərin düzgün komplektləşdirilməməsi nəticəsində siniflərin artıq saxlanıldığı, evdə təhsilin təşkili və pedaqoji işçilərin ixtisasartırma kurslarına göndərilməsi işlərində ciddi nöqsanlara yol verilib. Aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə müvafiq yerli icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məktublar göndərilib.
Bizim əldə etdiyimiz məlumatlara görə isə, yoxlamalar aparılan və nöqsanlar aşkarlanan rayon təhsil şöbələrinin müdirlərinin işi hətta Respublika Baş Prokuroru yanında Korrupsiyaya Qarşıf Mübarizə İdarəsinədək uzana bilər. Belə ki, üzə çıxan yeyinti faktları ilə bağlı idarəyə təqdimat göndərilməsi və araşdırmaların bu qurum tərəfindən davıam etdirilməsi də kifayət qədər realdır.
O da maraqlıdır ki, hansı səbəbə nöqsanların aşkarlandığı rayonların təhsil şöbələrinin müdirləri həmin rayüonların icra hakimiyyətləri tərəfindən qorunmayıb. Məsələ burasındadır ki, istənilən rayonda təhsil şöbə müdiri həmin rayonunun icra başçısı üçün əsas kadrlardan biri sayılır, çünki təhsil müəssisələri icra başçılarının əsas "qidalanma" ocaqlarından biridir. Ona görə də rayon rəhbərləri yerli təhsil "şef"lərini öz çətirləri altında saxlayır və onları mümkün təhlükələrdən qoruyurlar.
Amma adıçəkilən 4 rayonda bunun müşahidə edilməməsi həmin rayonların təhsil şöbələrinin müdirləri ilə icra başçıları arasında problemlərin yaşandığından, həmin yerli təhsil "boss"larının vurulmasında rayonların birinci şəxslərinin özünün də maraqlı olmasından xəbər verir. Bu isə o təhsil şöbələri rəhbərlərini qarşıda daha çətin günlərin gözlədiyi barədə mülahizə yürütməyə əsas yaradır.
Onların işini itirəcəkləri böyük ölçüdə qətiləşib, qalıb indiyədək yığdıqlarını, bir də azadlıqlarını necə qoruyacaqları. Bunu da yəqin ki, yaxın zamanlarda görəcəyik.

Azər Aslan