“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasının başlanması məsələsinə münasibət bildirib.

Unikal.org-un məlumatına görə, C.Qurbanov qeyd edib ki, sərnişindaşınmaya başlanması təkcə Azərbaycandan asılı deyil. Amma Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına başlamağa hazır olduğunu da vurğulayıb.

C.Qurbanovun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya başlanılmaması digər ölkələrlə əlaqədardır. O qeyd edib ki, Gürcüstan və Türkiyə tərəfləri bu xəttlə sərnişin qatarının işə düşməsinə hazır olduqdan sonra sərnişin daşımalarına başlanılacaq.

Qeyd edək ki, bu gün Bakıda “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom” şirkəti arasında yeni müqavilə imzalanıb. Müqavilə lokomotivlər parkına dair texniki dəstəyin göstərilməsini nəzərdə tutur. Müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Alstom” şirkətinin Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraedici direktoru Elşən Zeynalov imzalayıb.