Şahin Mustafayevin nazirliyinin "monitorinq -monitorinq oyunu"
Şahin Mustafayevin nazirliyinin "monitorinq -monitorinq oyunu"
Dünənədək çörəyin bahalaşmayacağını vəd edən qurum indi sözünü niyə dəyişir?

Çörəyin qiyməti 40 qəpiyə kimi bahalaşıb. Belə ki, srağagün axşamdan Bakıdakı əksər mağazalarda çörəyin qiymətində bahalaşma müşahidə olunub.
Paytaxt mağazalarında bir gün əvvəl 30 qəpiyə satılan çörəyin qiyməti 10 qəpik bahalaşıb. Belə ki, qiyməti 30 qəpiyə olan çörək ötən axşamdan 40 qəpiyə satılır.
Qeyd edək ki, çörək bazarı mütəmadi qaydada nəzarət edilən bazardır. İqtisadi İnkişaf Nazirliyi yanında müvafiq qurumlar vaxtaşırı olaraq çörəyin qiyməti ilə bağlı monitorinq keçirir. Ən azı belə monitorinqlərin keçirildiyi və hər şeyin nəzarət altında olduğu barədə məlumatlar verilir.
Qeyd edək ki, dünən İqtisadi İnkişaf Nazirliyi çörəyin bahalaşmasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin verdiyi məlumata görə, son günlər İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı monitorinqlər zamanı bəzi ticarət obyektlərində çörəyin çəkisindən asılı olaraq pərakəndə satış qiymətlərində artım müşahidə olunub.
Onun sözlərinə görə, monitorinqlər zamanı qiymətlərində artım qeydə alınmış çörəklərin çəkisində də 100 qramdan çox artım qeydə alınıb: "Aparılan araşdırmalar qiymət dəyişikliyinin dünya bazarında ərzaq buğdasının bahalaşması ilə əlaqədar olduğunun göstərir. Son üç ay ərzində Azərbaycana ənənəvi taxıl ixracatçısı olan Qazaxıstan və Rusiyada ərzaq buğdasının qiymətində 40-50 faiz artım baş verib. Təbii ki, buğdanını qiymətindəki bahalaşma unun qiymətinin nəticə etibarilə çörəyin maya dəyərinin artmasına səbəb ola bilir.
Bununla belə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında, o cümlədən çörək satışı bazarında çörək məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı nəzarət tədbirlərini davam etdirir".
Uzaq keçmiş deyil, təxminən iki həftə əvvəl ölkə mətbuatında çörəyin bahalaşdığı və çəkisinin azaldığı məlumatları yayıldı. Eynən indiki kimi, onda da Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadi İnkişaf Nazirliyi hansısa "mütəmadi monitorinqləri" xatırlatdı və qiymətlərin nəzarətdə olduğunu dedi. Sadəcə, ortada bir fərq vardı: bugünkündən fərqli olaraq onda nazirlik qiymət artımını inkar etdi.
İndi isə belə məlum olur ki, həm İqtisadi İnkişaf Nazirliyinin haqqında bəhs edilən monitorinqləri formal xarakter daşıyır və daha çox nazirliyin "işgüzar" obrazını yaratmaqdan başqa heç nəyə xidmət etmirö Üstəlik, qiymətlərin nəzarətdə saxlanıldığı barədə deyilənlərin də populizmdən başqa bir şey olmadığı gün işığına çıxır.
İkincisi, o da məlum olur ki, əslində iki həftə əvvəl çörəyin qiymətində artım başladığı barədə yazılanlar da reallığı əks etdirirmiş, İqtisadi İnkişaf Nazirliyinin həmin vaxtki təkzibi də elə təkzib naminə imiş. Görünür, yarım ay əvvəl paytaxtın müəyyən nöqtələrində qiymət artımına getməklə toplumun nəbzini yoxlayıblar, məlum olanda ki, cəmiiyyətin belə bir bahalaşmaya təpkisi yoxdur, bundan sonra ən strateji məhsulun qiymətində artıma gediblər.
Şahin Mustafayevin nazirliyi isə ya bu prosesdə iştirakçılardan, maraqlı tərəflərdən biridir ki, həmin vaxt başlanan qiymət artımını "yalan" kimi qiymətə verib, ya da bu nazirlik artıq bazara nəzarəti tamamilə itirib. Reallıqdan xəbərsizdir, bütün monitorinqlər isə uşaq oyunudur, həm özlərinin, həm də sadə vətəndaşların başını qatmaq üçün!

Murad Can