“Lazımi prosedurdan sonra “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya təsdiq üçün parlamentə göndəriləcək”.

Unikal.org xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

O qeyd edib ki, indiyədək “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya ilə bağlı hər bir qərar Milli Təhlükəsizlik Ali Şurası və İranın Ali liderinin icazəsi və imzası ilə verilib: “Lazımi prosedur keçdikdən sonra “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya ratifikasiya üçün parlamentə göndəriləcək”.

Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan Milli Məclisi “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edib.

Xatırladaq ki, uzun sürən danışıqlardan sonra ötən ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının V Zirvə toplantısında “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.