İyulun 30-da Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

Unikal.org xəbər verir ki, Baş Nazir Novruz Məmmədov əvvəlcə gündəlik barədə məlumat verib. Bildirib ki, iclasda “Azərbaycan Respublikasında istilik enerjisi və isti su təchizatı sisteminin yaxşılaşdırılması və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər və əldə edilmiş nəticələr, bu sahənin müasir standart və tələblərə uyğun təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr haqqında” və “Azərbaycan Respublikasında akvakulturanın inkişaf perspektivləri və bununla əlaqədar görülməli tədbirlər haqqında” məsələlər müzakirə olunacaq.

Novruz Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin şəhər və rayonlarında bir sıra mühüm sosial infrastruktur layihələri uğurla icra olunur.

Baş nazir vurğulayıb ki, balıqçılığın və akvakulturanın kənd təsərrüfatının tərkib hissəsi olduğunu nəzərə alaraq, bu sahədə beynəlxalq təcrübəyə əsaslanan idarəetmə sisteminin yaradılması, müasir tələblərə uyğun təkmilləşdirilmə və struktur islahatlarının aparılması zəruridir. 

Sonra “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənovun, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin, Kənd Təsərrüfatı naziri İnam Kərimovun gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib.

İclasda müzakirə edilən məsələlərlə bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.