Zaqatala rayonunda narkotik tərkibli bitkilər becərən qohumlar saxlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Aşağı Tala kənd sakinləri - 36 yaşlı Süleyman və 27 yaşlı Kənan Qurbanovlar, qonşuları, 28 yaşlı Səxavət Hümbətov saxlanılıb. 

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək S.Qurbanova məxsus torpaq sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olublar. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 52 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.