Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a bildirilib ki, Muğanlı-İsmayıllı avtomobil yolunun 7-ci kilometrindən ayrılan Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun uzunluğu 15 kilometrdir. Yenidənqurma işləri çərçivəsində zəruri yerlərdə 1 metr diametrində dəmir-beton suötürücü boruların quraşdırılması və izolyasiyası işləri görülüb, torpaq yatağı hazır olan hissələrdə əsasın alt və üst layı inşa edilib. Bu işlər 150 min kvadratmetr sahəni əhatə edib. Daha sonra 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

Layihənin sonuncu mərhələsində yolboyu 10 avtobus dayanacağı tikiləcək, hərəkətin normal təşkili üçün 45 yol nişanı, 15 kilometr göstəricisi, 680 siqnal dirəyi quraşdırılacaq, 45 kilometr uzunluğunda üfüqi nişanlama xətləri çəkiləcək.

Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolu 2 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edir və vətəndaşların Muğanlı-İsmayıllı avtomobil yoluna çıxışını təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq.