12-13 avqust tarixlərində ölkəmizdə Qurban bayramı qeyd olunacaq. Dini bayramla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayevin  fikirlərini öyrəndik.

O,  Unikal.org-a  müsahibəsində Qurban bayramı ilə bağlı geniş ictimaiyyətin maraqlandırdığı suallara cavab verib:

-Hacı Qurban bayramı adət ənənələri ilə bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə qurbanlıq qoyunlar necə olmalıdır? Hansı heyvanlardan qurban ola bilər? Hansı hallar qurban bayramına ziddir?

-İlk öncə Allahdan duam odur ki, Allah-təala qarşıdan gələn qurbanımızı xeyirli-bərəkətli etsin. Bayramımız mübarək olsun. Allah bizə xoş günlər nəsib etsin. Hər bir qurban bayramına çatan hər bir insanın boynunda işlər var. Məsələn kimin normal imkanı varsa, ailə başçısı adından  1 qurbanlıq etməlidir. Qurbanlıqda minimum və maksimum məsələ var. Yəni hansı heyvanlardan qurban kəsə bilərlər? Yəni İsmayıl qurbanını nəzərdə tuturuq. İsmayıl qurbanında ən azı qoç və keçi kəsilməlidir. Xüsusən onların erkəkləri kəsilməlidir. Çünki sürüdə 3-5 erkək sürünün say artımına kifayət edə bilir. Ona görə dişi heyvanların kəsilməsi bəyənilmir ki, onlar bala dünyaya gətirirlər. Birdən erkək olmadıqda dişi heyvan almaq olarmı? Bəli, kəsilə bilər. Amma birinci erkəklərin kəsilməsi nəzərdə tutulur. Qoç qurbanı, keçi qurbanından biraz da yuxarıda dana, öküz yəni iribuynuzlu heyvanlar nəzərdə tutulur. Ondan da biraz yuxarı imkanı olan insanlar dəvə kəsə bilərlər. Sadəcə burada yaş məsələsi var. Qoç və keçi qurbanı 1 yaş, 8 aylıqdan yuxar olsa daha yaxşıdır. Zəif olmasın, xəstə olmasın, bütün bədən üzvləri yerində olsun, heyvan biraz ətli, canlı olsun. Yəni bacardığı qədər Allah adına verilən qurban daha gözəl, daha keyfiyyətli və sağlam olsun. Bu gözəldir ki, Allah adına bunu edir. İribuynuzlu heyvanın 2 yaşı olsa daha gözəldir. Dəvənin 5 yaşı olsa daha yaxşıdır.

Bunu kəsən insan mütləq müsəlman olsun, üzü qibləyə bunu tutub kəssin və kəsən zaman “Bismillah, Allahu Əkbər” deyib kəssin. Yəni heyvanın başı kəsilən zaman “Bismillahi Rəhmani Rəhim” deməsin. Gərək Allah adını çəkdikdə heyvanın bağışlasın, buraxsın. Buna əməl etməsə, gərək bu qurbanlığı etməsin. Amma, bu qurbanlıq şəriyyətin, dinimizin, Quranımızın bəyəndiyi bir əməldir. Ona görə qüdrəti olan, maddi durumu normal olan insan bunu etsin. Qurbanlığı kəsdi və yaxud da kəsdirdi, özü də bu prosesdə iştirak edə bilər və ya ailə başçısı ailədən birini öz yerinə vəkil edir, bunu icra etdirir. Maddi vəziyyəti normaldırsa minimum bir qurbanlıq etməlidir. Qurbanlığın 1/3-nü öz ailəsinə sərf edə bilər. Qalan iki hissəsinin bir hissəsini yaxın qohum-əqrəbasına, yoxsullara, imkansızlara bölsün. O biri hissəsini qohumu olmayan insanlarla bölüşə bilər. Çalışsın ki, ailədə maddi ehtiyacı olan adamlara bunu versin. Ailə durumu normal olan, maddi vəziyyəti normal olan insanlara bunu verməsə yaxşıdır. Kimin ki maddi imkanı var, qazanında nə isə qaynaya bilir onlara qurban payından verməsə daha yaxşıdır. Yəni yoxsullara, ehtiyacı olanlara versə daha yaxşı olar. Bir də diqqət etsinlər elə ailə var 2 nəfərdir, elə ailə var 1 nəfərdir və başsız bir insandır. Elə ailə var 5 baş ailədir. Onlara uyğun payı bölsün. Məsələn 7 nəfərlik ailəyə də yarım kq göndərsin, 2 nəfərlik ailəyə də yarım kq göndərsin, 1 nəfərə də. Belə etməsin. Bir nəfərə 300-400 qram ayırsın. Məsələn 4 nəfər olan ailəyə 1 kq, 1.5 kq göndərsin. 8-10 nəfərlik ailə üzvləri olan ailələrə 1-2 kq ayırsın. Belə etsə daha yaxşı olar. Qurbanlığı kəsəndə həm də savab olan əməllərdən biri də ki xüsusi Quran ayələri var ki bilən adam onları oxumalıdır. Bilmirsə, internetdən də istifadə edib əldə edə bilər. Transkripsiya və hətta tərcümə ilə də oxuya bilər. Bəzi neqativ hallara getməsinlər. Çox vaxt bəzi insanlar qurban kəsənlərin inanclarından istifadə edərək “Gətir qurban kəsəcəyin bıçağı bura, mən ona dua oxuyaram, apar get kəs” deyirlər. Bilirsiniz, bu indiki zaman üçün qəbul olunmayan bir şeydir. Qədim zamanlar dindən başı çıxan adamlar çox az qalmışdı və ona görə insanlar bir-birlərinə təsəlli edirdilər. Amma şəriyyətimizdə belə bir şey yoxdur. İnsan özü bilirsə, bacarığı varsa oxusun. Bilmirsə, “Bismillah Allahu Əkbər” desə bəs edər.

-Bəzən insanlar imkanı olmadığı halda kimdənsə borc alaraq qurban kəsirlər. Bu nə dərəcədə doğrudur?

-Məsələn 2 nəfər birləşib 1 qoç kəsə bilər mi? Yox. Qoç qurbanı, keçi qurbanı 1 adam başına, 1 fərd üçün nəzərdə tutulur. Məsələn, 7 nəfərdən çox da ola bilər, lakin 7 nəfərdən artıq olmasa dah yaxşıdır. Onlar bir danaya şərik olub kəsə bilərlər. Çünki, qurbanlıq edən adam o qurbanlığı 3 yerə bölməlidir axı!. Deyək ki, 30, 40, 50 kq-lıq bir dana kəsdi. Bundan adama 15 kq-lıq ət düşdü. Onun 1/3-ü yenə də bölünməlidir axı. Yaxud da adam sayı o qədər çox oldu ki, adam başına 3-4 kq ət düşdü. Bunu nə qədər bölsün, kimə hansı payı versin? Gətirdi bişirdi evində də yedi. Bu qurbanlıq kimi qəbul olunmaz və yaxud bəzi qəssablar var qurban bayramında deyirlər “Qurban kəsmişəm”. 2-3 kq əti satır insanlara. O ət almaq kimi hesab olunar. Qurban kəsmək kimi qəbul olunan məsələ deyil. Qurbanlığın şərtləri var. Ona əməl olunmalıdır. Lakin elə insanlar var ki kasıbdır, maddi vəziyyəti çətindir, o istəyir ki evdə uşaqları, ailəsi hiss eləsin ki, ata da qurbanlıq etdi. Heyif eləməz, qurbanlıqda gedir ət alır, evinə gətirir, amma bu qurbanlıqdan hesab olunmur. Sanki uşaqlar sevindi, o da qazanında bir şey qaynatdı. Bu başqa bir məsələdir. Amma bəzən də görürsən insanlar olur deyir ki, mən məsələn hind toyuğundan qurban kəsə bilərəm, və yaxud qaz kəsə bilərəm, yaxud xoruz kəsə bilərəm. Xeyr, minimum qurbanlıq qoç qurbanı və ya keçi qurbanıdır. Ondan aşağı imkanı yoxdursa, heç kimin boynunda elə bir haqq da yoxdur

-Onda  Böyük Ticarət mərkəzlərində satılan qurbanlıqlar da məqbul sayılmır?

-Xeyr, o İslam dini ilə üst-üstə düşmür. Orada qurbanlıq günündə heyvanlar kəsilib və müəyyən insanlar onu 5-6 kq ət kimi satırlar. Bu qurbanlıq şərtləri ilə üst-üstə düşməyən bir məsələdir. Qurbanlıq hər  bir fərd özü və yaxud da bir neçə nəfər birləşərək kəsdiyi heyvandır. Gərək qurban kəsən adam heyvanın 3-5 manat baha olmasını dilə gətirməyə və qurbanı satan adam da gərək nainsaflıq edərək mal-qaranı baha satmasın. Ədalətlə rəftar etsinlər. Həm alanlar, həm də satanlar.

Murad İbrahimov