Avqustun 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqlə görüşüb.

Unikal.org xəbər verir ki, görüşdə səfirə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə məlumat verilib.

 Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin 4 qətnaməsi icra edilmir. 20 ildən çoxdur ki, Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon işğal altındadır. Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti 1 milyon 200 min azərbaycanlının öz torpaqlarından didərgin düşməsinə, ölkəmizin qaçqınlıq və məcburi köçkünlük problemləri ilə üzləşməsinə səbəb olub. Dövlət Komitəsinin sədri vurğulayıb ki, Almaniyanın ATƏT Minsk Qrupunun üzvü kimi münaqişənin tənzimlənməsində daha fəal iştirak etməsi vacibdir. Azərbaycan dövləti bu problemlərin həlli istiqamətində müntəzəm iş aparır, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritet vəzifələr ardıcıllıqla yerinə yetirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. Məcburi köçkünlərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması məsələlərinə daim diqqət göstərilir.

Səmimi görüşə görə minnətdarlığını bildirən səfir Volfqanq Maniq Almaniya Federativ Respublikasının Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edib. Səfir vurğulayıb ki, 1994-cü ildə ilk dəfə səfər etdiyi Bakı şəhəri əhəmiyyətli dərəcədə dəyişib və inkişaf edib.  

Dövlət Komitəsinin sədri Almaniya Federativ Respublikasının beynəlxalq humanitar və inkişaf təşkilatlarının ölkəmizdə məcburi köçkünlərlə bağlı həyata keçirdiyi layihələrə görə təşəkkürünü bildirib. Bu sahədə əməkdaşlığın əhəmiyyətli olduğu diqqətə çatdırılıb.

Almaniyalı səfir indiyədək mövcud olan səmərəli əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib. Söhbət zamanı Almaniya Federativ Respublikasının ölkəmizdə məcburi köçkünlərlə bağlı layihələrin həyata keçirilməsində maraqlı olduğu qeyd edilib.

Görüş zamanı gələcək əməkdaşlığın perspektivləri də müzakirə olunub.