Gürcüstan hökümətinə Rusiya zərbəsi
Gürcüstan hökümətinə Rusiya zərbəsi

Yeni hökümət ümidsizləşdi

Gürcüstanda keçirilən parlament seçkilərindən sonra bu ölkənin xarici siyasətində ciddi dəyişikliklərin olacağı gözlənilirdi. Bunun üçün bir sıra əsaslı səbəblər də var. İlk növbədə ona görə ki, seçkilərdə qalib gələn müxalifət lideri Rusiyaya loyal münasibətdə idi və Rusiya ilə bir sıra bağlılıqları var.Digər tərəfdən yeni formalaşdırılmaqda olan hökümət üzvlərinin əksəriyyəti də Rusiya ilə isti münasibət tərəfdarlarıdır.

Hətta "Gürcü arzusu" koalisiyasının lideri Bidzina İvanişvili bildirmişdi ki, Saakaşvili höküməti ilə əlaqələri bir dəfəlik kəsəcək yeni,qonşularla dost münasibət qurma tərəfdarı olacaq komanda yaradacaq. Ekspertlər hesab edirdi ki, İvanaşvili bunu ona görə edir ki, yeni komanda ilə Rusiyaya doğru addımlar ata bilsin. Məhz Rusiya faktoruna görə hazırda Saakaşvili ilə İvanaşvili üz-üzədir və siyasi böhranın astanasındadır. Hazırda İvanaşvili Mixail Saakaşvilinin yarım ildən sonra parlamenti buraxmağa cəhd edəcəyini istisna etməyib.
"Mən hələ bu barədə düşünməmişəm, hərçənd Saakaşvilinin bunu edib-etməyəcəyi bizim üçün maraqlıdır. Fikrimcə, onun belə manevr üçün imkanı olmayacaq", - o deyib.
Bununla belə, İvanişvili Gürcüstan Prezidentinə istefaya getməyi və növbədənkənar prezident seçkilərini elan etməyi məsləhət görüb.
"Biz əlbəttə ki, impiçment proseduruna başlaya və digər yollar tapa bilərik, lakin onun istefaya gedəcəyini gözləyirəm", - o bildirib.
İvanişvili qeyd edib ki, əgər Saakaşvili vəzifəsindən imtina etməsə, koalisiya vəziyyətdən çıxış yolunu tapacaq və ən yaxşısı özünün istefaya getməsidir.
"Əks təqdirdə, konstitusiya böhranı baş verə bilər, çünki yeni konstitusiya ikihakimiyyətliliyi nəzərdə tutur və hazırda vəziyyət çox mürəkkəbdir", - o vurğulayıb.
Amma gürcüstanda məhz Rusiya faktoruna görə belə böhranın yaranmasına baxmayaraq Rusiya deyəsən öz mövqeyində dəyişiklik etmək niyyətində deyil. Ən azından bunu Rusiya xarici siyasətinə rəhbərlik edən şəxsin bəyanatından da görmək mümkündür.
"Abxaziya və Cənubi Osetiyanın statusunun dəyişikliyi haqqında danışıqlar qeyri-mümkündür"
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Rusiya ümid edir ki, Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş Bidzina İvanişvili Abxaziya və Cənubi Osetiya da daxil olmaqla qonşularla münasibətin normallaşması istiqamətində hərəkət edəcək. Abxaziya və Cənubi Osetiyanın taleyi ilə bağlı biz şəxsən və ya başqalarının vasitəsiylə Gürcüstanla hər hansı danışıqlar aparmayacağıq. Çünki bu respublikaların taleyini öz xalqları təyin edib".
Gördüyünüz kimi Rusiya aqressiv yanaşmadan əl çəkmək niyyətində deyil və bu İvanaşvilini çətin duruma salacaq. Maraqlıdır, bəs İvanaşvili qarşısında hansı imkanlar var? Ekspertlər bildirir ki, müxalifət liderinin seçkilərdə qələbə qazanandan sonra verdiyi ilk bəyanatla əslində Rusiyanı qıcıqlandırıb. Belə ki, müxalifət lideri qeyd etmişdi ki, Rusiya ilə münasibətləri qaydaya salmaqla yanaşı, gürcüstanın NATO-ya üzv olmasına çalışacaq. Bundan başqa İvanaşvili ilk səfərini Rusiyaya yox, ABŞ-a planlaşdırdı. Bu isə Rusiya üçün strateji məsələlərdir və buna görə Sergey Lavrov bu cür konkret bəyanatla çıxış etdi. Ekspertlər hesab edir ki, Rusiya Gürcüstanın işğal olunmuş bölgələrdən əlini o zaman çəkəcək ki, gürcüstan bir sıra şərtləri qəbul etsin. Bunlar nədir?
1. NATO-un üzvü olmaqdan imtina
2. MDB-yə yenidən üzv olmaq
3. Azad İqtisadi Zona Təşkilatına dəstək vermək
4. Enerji daşıyıcıları komunikasiyalarının bir hissəsinə Rusiyanın sahiblənməsi
Bu şərtlərin qəbulu isə sözsüz ki, Gürcüstanın Rusiyanın təsir dairəsinə düşməsi deməkdir. Müşahidəçilər bunu da bildirir ki, Gürcüstanın Rusiyanın təsir dairəsinə düşməsi avtomatik Azərbaycanında maraqlarına ciddi təsir edəcək. Çünki Azərbaycan bu gün əksər beynəlxalq layihələrini həyata keçirtmək üçün Gürcüstanın ərazisindən istifadə edir. Digər tərəfdən məhz Gürcüstanın NATO-ya yaxınlaşmasına görə Azərbaycan regionda təklənmir və Rusiyanın Zaqafqaziyanı tam olaraq təsir altında saxlaması mümkünsüz olur. Bunu da qeyd edək ki, hazırda Azərbaycanla Gürcüstanın maraqları üst-üstə düşür və hər iki ölkə Rusiyasız region siyasəti həyata keçirirlər.
Mehdi Əli