“Günaybank”ın keçmiş əməkdaşı Xalidə Məmmədova bankın sabiq sədr müavini Emin Zeynalovla bağlı şok faktlar açıqlayıb. Bildirib ki, onun qurduğu maliyyə fırıldağının toruna düşüb.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, E.Zeynalovun “Günaybank”a ciddi ziyan vuran on milyonlarla dollarlıq maliyyə maxinasiyaları haqda mətbuatda yazılar dərc edilir. Lakin indi məlum olur ki, Zeynalov nəinki bankın pullarını talayıb, üstəlik “təmənnasız kömək” adı ilə bir çoxlarını da aldadıb pullarını ələ keçirib.

X.Məmmədova deyir ki, 2017-ci ildə o anasının mənzilini sataraq ailəsi üçün daha geniş və rahat mənzil almaq istəyirdi. Emin Zeynalov bu haqda eşidəndə dərhal öz xidmətlərini təklif edir, deyir ki, atası Zakir Zeynalov tikinti biznesi ilə məşğuldur.

“Emin hamıda səmimi və açıqürəkli adam təsiri bağışlayırdı və mən ona inanaraq biznesmen atası üçün 143700 dollar verdim. Bu vaxt mənim “xeyirxahım” hər cür vədlər verirdi ki, nəinki atası, üstəlik bacısının əri Vüqar da tikinti biznesi ilə məşğuldur. Və mənə, onun yaxın adamının işçisinə ən yaxşı rayonda ən yaxşı mənzil təşkil edəcək. Dedi ki, heç bir ay da keçməyəcək, siz təzə mənzilə köçəcəksiniz”,-X.Məmmədova bildirir.

Emin sadəlövh qadında yarana biləcək şübhələrə son qoymaq üçün ona deyir ki, əgər iş ləngisə hər ehtimala qarşı onun əlində Mətbuat prospekti, 35 ünvanında boş mənzil var və istəsə həmin mənzilə “elə bu gün” köçə bilər. Doğrudur, Emin həmin mənzilin “bir qədər baha olduğunu” da deyib. Bir neçə həftə gözləyəndən sonra Məmmədova işin nə yerdə olduğunu soruşur, amma Emin ona “bir az da gözləmək lazım gəldiyini” deyir.

Məmmədova doğrudan da çox gözləməli olmur-tezliklə E.Zeynalovun fırıldaqlarının üstü açılır və o, tələsik ölkədən qaçır. Pullarını ona etibar edən qadın və aldadılan digər şəxslər kimi bu haqda ancaq mətbuatdan xəbər tutur.

“Onun  qaçdığını eşidəndə nə edəcəyimi bilmədim. Qərara aldım ki, atasına zəng vurum görüşüb, ondan pullarımı tələb edim. Lakin Zakir Zeynalov əvvəlcə zəngələrimə ümumiyyətlə cavab vermədi, dəstəyi götürəndə isə məni söydü və bildirdi ki, nə oğlu, nə özü mənə heç bir pul borclu deyillər. Sonradan ərimlə mən Eminin qardaşı Fazillə və tanışı Fuadla görüşə bildik. Onlar az qala diz çöküb yalvardılar ki, Emin barədə heç bir şikayət verməyək və tezliklə pulları qaytaracaqlarını dedilər. Mən yenə inandım, amma sonradan aldadıldığımı anladım. Çünki pulu qaytarmadılar”,-qadın deyir.

Nəhayət aldadılan qadın polisə şikayət etməklə hədələyir. Lakin bu zaman Eminin anası Leyla Zeynalova ona zəng vurur və bir az da gözləməyi xahiş edir. Həmin vaxt isə artıq Məmmədovanın ailəsində dələduzlara yem edilən pullara görə qalmaqallar başlamışdı. X.Məmmədovanın əri hər şeyin günahını onda görərək ailəni tərk etmişdi. Lakin Xalidə hələ də Eminin anasına ümid edirdi.

“Biz onunla “Qırmızı Şərq-2” qəsəbəsindəki evində görüşdük. Dedim ki, oğlunun başıma açdığı oyuna görə ailəm dağılıb, anam, 1-ci qrup əlil isə evsiz-eşiksiz qalıb. Və Leyla yenə də mənə yalvarıb bir az gözləməyi xahiş etdi, amma tezliklə o da zənglərimə cavab vermədi. Yenidən Zakirə zəng vurmağı qərara aldım, amma bu dəfə də söyüşlər eşitdim. Nəticədə bu ailə haqda KİV-lərə şikayət etməkdən başqa yolum qalmadı. Emin Zeynalovun açıq-aşkar dələduzluqları və ailəsinin mənim problemimlə maraqlanmaqdan imtina etməsi nəticəsində hər şeyimi itirdim-evimi də, ailəmi də. Çox ümid edirəm ki, bizim hüquq-mühafizə orqanları bu işi ədalətli araşdıracaq. E.Zeynalov fırıldaqlarına və maxinasiyalarına görə cəzalandırlacaq , nəhayət mənə vurduğu maddi ziyanı ödəyəcək”,-dərdli qadın danışır.

 Emin Zeynalov bankda işləyəndə maliyyə piramidası qurub və onlarla adamı aldadıb. Atanın və oğulun əməlləri sayəsində zərərçəkənlərə dəyən ziyan on milyonlarla dollardır. Bu fırıldaqda əsas fiqur isə çoxlarının hesab etdiyi mimi məhz həmin Zakir Zeynalovdur. Bu adam uzun illər ölkənin iri banklarından birinə rəhbərlik edib. İndi isə o pulun köməyi və şantajla oğlunu həbsxanadan çıxarmağa çalışır.

Məlumatlara görə Emin Zeynalov ələ keçirdiyi pullar hesabına özünə Kürdəxanıda yaxşı şərait qurub, kamerasında telefon, internet var. Yaxınlarını əmin edir ki, tezliklə azadlığa çıxacaq.

E.Zeynalov həm də “Xəzər” futbol klubunun bossu olub. Onun adı rəsmən heç yerdə keçmir, amma klubun işi ilə tanış olan adamlar deyir ki, o təkcə bir mövsümdə transferlərə və oyunçulara 1 milyon manatdan çox pul xərcləyib. Bu da Birinci liqanın ölçülərinə görə yaxşı puldur.

Çoxları Emini dindar adam kimi də tanıyıb. Qurbanların çoxu da məhz dindarlığına görə onun dediklərinə inanıb, iri məbləğdə pullarını veriblər.

E.Zeynalovun fırıldaqlarının bütün qurbanları ədalətli məhkəmə gözləyir. Lakin onun atası hələ də öz işindədir-natəmiz yollarla əldə etdiyi pulları yaşayış binalarının və digər binaların tikintisinə yatırır. Hazırda o, Mətbuat prospektində və Ağ şəhərdə bir neçə bina tikir. Deyilənə görə Zakir Zeynalov payçılara artıq bir neçə yüz min manat borclu qalıb. Ən təəcüblüsü isə budur ki, adam həm də UNEC-də müəllimdir. Görünür bu adam tələbələrinə vaxtilə oğluna öyrətdiyi kimi insanları necə tora salmaq yollarını öyrədir...