Göygöl Milli Parkı ilin hər fəslində yalnız yerli və xarici turistlərin səyahət etdiyi füsunkar gözəlliklər diyarı deyil, həm də Cənubi Qafqazın nadir fauna və flora növlərinin qorunduğu açıq səma altında canlı təbiət muzeyidir.

Unikal.org xəbər verir ki, Göygöl Milli Parkının Elmi işlər, ekoloji maarifləndirmə və ekoturizm üzrə direktor müavini Fuad Quliyev azərtac-ın bölgə müxbirinə bildirib ki, ərazidə ilk dəfə quraşdırılmış videotələ vasitəsilə burada qonur ayı, tülkü, porsuq və zığ-zığ quşunun görüntüləri qeydə alınıb.

Fuad Quliyev qeyd edib ki, fauna növlərinin zənginliyi ilə seçilən Göygöl Milli Parkında məskən salmış canlıları müşahidə etmək və elmi tədqiqat işlərinin effektivliyini artırmaq məqsədilə 20 gün əvvəl əməkdaşlar tərəfindən ərazidə videotələ quraşdırılıb. Az vaxt keçməsinə baxmayaraq, adi günlərdə müşahidə edilməsi mümkün olmayan məməli heyvanlar və quşlar artıq kamera tərəfindən görüntülənib.

Direktor müavini bu cür videotələlər vasitəsilə milli parkda canlıların inkişafının müşahidə edilməsinin elmi tədqiqat işləri aparılmasına töhfə olacağını, həmçinin gələcəkdə videotələlərin sayının artırılacağını deyib.