18 avqust – Azərbaycanda Sərhəd Qoşunları işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan İcra başçısının birinci müavini Emil Abbasov peşə bayramı münasibətilə bütün sərhəd qoşunları əməkdaşlarını təbrik edib.

Tədbirdə qeyd edilib ki, Prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində, dövlət sərhədlərinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradılıb.

Son illərdə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminat sahəsində də mühüm tədbirlər görülüb. Sərhəd dəstələrində videonəzarət sistemlərinin yaradılması, sərhəd zastavalarında müşahidə kameralarının quraşdırılması və görüntülərin dəstə qərargahına ötürülməsi nəticəsində, bilavasitə sərhəd xəttində xidmətin təşkilinə nəzarət gücləndirilib.

2010-cu il dövlət sərhədi sistemində tarixi hadisə kimi yadda qalan Dövlət Sərhəd Xidmətinin Akademiyasının istifadəyə verilməsi, Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılan Akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək baxımından əhəmiyyətli olması barədə tədbir iştirakçıları xüsusi vurğuladılar.

Tədbirin sonunda Qaradağ RİH tərəfindən bir neçə Sərhəd qoşunlarının işçisinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.