Şamaxıda xuliqanlıq, polisə müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən Namiq Zərbaliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Unikal.org xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Məhkəmə N.Zərbaliyevin barəsində bəraət hökmü çıxarıb və onunla bağlı seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.

İttiham aktına əsasən, N.Zərbaliyev 2018-ci ilin may ayının 15-də Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsi 52 ünvanında, rayon Mədəniyyət Sarayının qarşısında ictimai qaydanı kobud surətdə pozub. O, Şamaxı Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı Abasət Məmmədovun idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarına əməl etməyib, onun idarə etdiyi maşınla hərəkətinə maneə yaratması bəhanəsi ilə polisin ünvanına yüksək səslə nalayiq ifadələr işlədib.

Həmçinin N.Zərbaliyev əli ilə A.Məmmədovun xidməti geyim formasının sağ çiyin paqonunu, sinə hissəsində olan düymələri, sağ qolunda olan şevronu dartıb qopardaraq, xuliqanlıq edib.

Bundan başa, o, Şamaxı Rayon Polis Şöbəsinin inzibati binası daxilində xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar hakimiyyət nümayəndələri hesab olunan polis əməkdaşlarına həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib.

Məhkəmədə ifadə verən N.Zərbaliyev günahsız olduğunu, özünü təqsirli bilmədiyini bildirib.

Şamaxı Rayon Məhkəməsinin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilərək, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Qeyd edək ki, N.Zərbaliyev birinci qrup Qarabağ əlilidir.