Quba rayonunda avtomobillə vurulan uşağı xəstəxanaya çatdırmaq istəyən şəxs qəzaya düşərək ölüb.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Rustov kəndində qeydə alınıb. Belə ki, kənd ərazisində 2015-ci il təvəllüdlü Renat Mahir oğlu Orucəliyevi avtomobil vurub. Uşağı vuran sürücü hadisə yerindən qaçıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov isə yaralı uşağı, uşağın anasını və nənəsini öz avtomobilinə mindirərək, Quba Rayon Mərkəzi Xəstəxanasına aparmaq istəyib. Lakin yolda digər avtomobil tərəfindən vurulub.

Nəticədə, 3 uşaq atası olan sürücü Emin Əzizov hadisə yerində, 4 yaşlı uşaq isə xəstəxanada ölüb.

Uşağın anası və nənəsi ağır bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və hazırda müalicə olunurlar.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.