Pul vermədiyi üçün 3 yaşlı uşağı "dustaq" edən 210 saylı bağçanın müdirəsinə şiddətli töhmət verilib.

Unikal.org bildirir ki, bu barədə azvision.az-a uşağın anası Vəfa Sərdar Səfərova məlumat verib. O qeyd edib ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusov ailəni yenidən yanına çağırıb və müdirənin günahkar olduğunu qeyd edib.

"Əvvəlki görüşümüzdə Eldar müəllim bildirmişdi ki, tədbirdə çəkilən videogörüntüdən sonra yekun qərar veriləcək. Lakin bu məsələ bir az uzandı, çünki Eldar müəllimin məzuniyyətə gedən vaxtına düşmüşdük. Beləcə yenidən İcra Hakimiyyətinə dəvət olunduq. Eldar müəllim bizi qəbul etdi. Bildirdi ki, videoya baxılıb, Əsmər orada yoxdur. Bu da bir çox mətləblərə işıq salır. Müdirə ilə ciddi şəkildə danışılıb və ona şiddətli töhmət verilib".

Onun sözlərinə görə, müdirəyə ciddi töhmət verilməsi barədə əmr valideynlərə göstərilib. "Həmin əmri mənə göstərdi. Orada 210 saylı bağçanın müdirəsi Həmidə Əliyevaya işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verildiyi və eyni zamanda bu xəbərdarlıqdan sonra bağça ilə bağlı hər hansı şikayət və narazılıq gələrsə, dərhal işdən azad olunacağı bildirilib".