Avqustun 23-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumata görə, avqustun 19-dan etibarən keçirilən müsahibələrdə 3 292 namizəd iştirak edib. İmtahan nəticələri barədə məlumat növbəti həftə ərzində namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılıb. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim ediblər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilib.

Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib.

Müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarılıb.