20 Sentyabr 2019
19 Sentyabr 2019
Onlar da ölmək istəmirdi... - FOTOLAR
Onlar da ölmək istəmirdi... -FOTOLAR REPORTAJ 18:44 2019-08-24

Türkiyənin Kırıkkale şəhərində ərin keçmiş arvadı Əminə Buludu 10 yaşlı qızının gözləri önündə amansızcasına qətlə yetirilməsi qadına qarşı olan şiddəti bir daha gündəmə gətirib.

Belə hadisələrin çoxu ailə münaqişəsi zəminində baş verib. Bəzən tərəflər ortaq məxrəcə gələ bilmirlər və bu mübahisələr sonda qanla bitir.

Sözsüz ki, belə hallarda ən çox zərərçəkənlər, qurbanlar zərif cinsin nümayəndələri olur. Mətbuatda çox nadir hallarda kişinin qadın tərəfindən qətlə yetirilməsinə rast gəlmək olar. Amma dövrü mətbuatda qadının kişi tərəfindən, özəlliklə amansızcasına öldürməsi ilə bağlı həddindən çox materiallar var.

Unikal.org  qafqazinfo-ya istinadən onlardan bir neçəsini təqdim edir:

Belə dəhşətli hadisələrdən biri cari ilin avqustun 18-də Şəmkirin Sarıtəpə kəndində baş verib. Ərindən boşanaraq 2 yaşlı oğlu ilə anasının yanına qayıdan Mətanət Əsədova ərinin hücumuna məruz qalıb. Belə ki, keçmiş ər Elmar Məmmədov gecə 3 radələrində eks-arvadının yataq otağına daxil olub və evi yandırıb. Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu ölüb. Yanıq xəsarətləri alan Mətanət və onun anası Səltənət Məsimova 
xəstəxanaya çatdırılıb, 1 gün sonra isə 24 yaşlı ana ölüb. Qayınananın isə vəziyyətinin ağır olduğu bildirilir.

Buna oxşar hadisələrdən biri 2019-cu ilin martın 2-də Bərdənin Kətəlparaq kəndində qeydə alınıb. Belə ki, ər həyat yoldaşını baltalayaraq öldürüb, qayınanasına isə ağır xəsarət yetirib.

İmişli sakini, 30 yaşlı Elçin Qurbanov qayınatasıgilə gedərək 1 ilə yaxındır ki, ondan ayrılaraq anası ilə yaşayan həyat yoldaşı, 27 yaşlı Nəvat Qurbanovanı balta ilə qətlə yetirib. Sonra isə qayınanası Rahilə Qarayevaya balta ilə ağır xəsarətlər yetirib. Bununla kifayətlənməyən Elçin Qurbanov evə od vuraraq oradan uzaqlaşıb. Məlum olub ki, Elçin Qurbanov evi yandırdıqdan sonra 6 yaşlı övladını da götürərək oradan uzaqlaşıb. Ardınca isə könüllü şəkildə polisə təslim olub. Verilən məlumata görə, Nəvat Qurbanova həyat yoldaşı Elçin Qurbanovdan boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə ailənin boşanması üçün 3 ay vaxt verib. Hadisə də Elçinin boşanmaq istəməməsi səbəbindən baş verib.

Dəhşətli hadisələrdən biri 2018-ci ilin dekabrında Bakının Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. Orada yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib. İlkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb. Məlum olub ki, A.Taxvelinin mübahisə zəminində əri Ramiz Taxveli balkondan aşağı atıb. Arvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Ramiz Taxveli "Buta Palace"ın art direktoru olub.

Tükürpədən olaylardan biri də Salyanda baş verib. 2014-cü ildə itkin düşən Əliyeva Mehparə və qızları - Rəqibə, Sevda, İradə və Ümidənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilib. 

2015-ci ilin fevralında məhkəmə qərarıyla ayrılan, amma bir evdə yaşayan kişi keçmiş arvadını öldürüb. Hadisə Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində baş verib. Cinayəti 1982-ci il təvəllüdlü  Qurban Əflatun oğlu Kasımov törədib, qurban isə 28 yaşlı Muradova Nübar Cümə qızı olub. 

Cinayətin aşkar edilən təfərrüatları isə fəaliyyətləri dövründə çoxsaylı vəhşiliklər görən polis və prokurorluq əməkdaşlarını belə şoka salıb. O, arvadının yalnız başını deyil, cinsiyyət orqanını da kəsib, sonra isə arvadının qaşlarına yapışdırıb. Bütün bunlar iki azyaşlı uşağın olduğu evdə baş verib. Kişi onları qonşu otaqda bağlayıb, sonra arvadını qətlə yetirib. Polis İdarəsində Kazımovu şizofren xəstəsi adlandırıblar. 

Ötən il Mingəçevir şəhər Məhkəməsində, məhkəmə zalında kişi keçmiş arvadını bıçaqlayaraq qətlə yetirib. Şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı, hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib. Məlumata görə, ər və arvad 4 il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb. Əsəbiləşən keçmiş ər arvadını amansızlıqla qətlə yetirib. 

***
Bu ilin iyunun 7-də Bakının Bayıl qəsəbəsində 3 uşaq anası qətlə yetirilib.

1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib. Araşdırma zamanı müəyyən edilib ki, K.Mikayılova sevgilisi tərəfindən öldürülüb. Belə ki, qadının Rusiyada yaşayıb işləyən əri Bakıya qayıdacaqmış. Bu səbəbdən Kəmalə və sevgilisi-1982-ci il təvəllüdlü Abuşov Fərhad Cəlal oğlu evdə mübahisə ediblər. Daha sonra K.Mikayılova küçəyə çıxaraq gedib. F.Abuşov bıçaq götürərək onun arxasıyca gəlib və A.İsmayılov küçəsində ona bir neçə bıçaq zərbəsi vurub. F.Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb.

2019-cu ilin martında Bakıda 6 il əvvəl itkin düşən qadının öldürüldüyü məlum olub.

Belə ki, 2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi axtarışa verilən Kamilə Cəfərovanın həyat yoldaşı, Qobustan qəsəbə sakini Nazim Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib. Araşdırma zamanı müəyyən edilib ki, N.Cəfərov 2012-ci ilin sonlarında yaşadığı Qobustan qəsəbəsində K.Cəfərovanı kəsici alətlə qətlə yetirəndən sonra meyitini qəsəbə ərazisindəki su hövzəsinə atıb. 2013-cü ilin noyabrın 20-də qadının meyiti qeyd edilən yerdən çürümüş vəziyyətdə aşkar edilsə də, həmin vaxt onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Türkiyədə də azərbaycanlı qadınlar münasibətdə olduqları kişilər tərəfindən öldürülüb. Belə hadisələrdən biri 2019-cu ilin yanvarında Burdur əyalətində baş verib.

24 yaşlı azərbaycanlı Qənirə Cabbarova həmyaşıdı olan sevgilisi Xəlil A. tərəfindən 55 bıçaq zərbəsi ilə qətlə yetirilib. 

Məlumata görə, barda əylənən cütlük taksi ilə evə qayıdarkən yolda mübahisə edib. Daha sonra taksidən düşərək mübahisəni davam etdiriblər. Bu zaman Xəlil.A qadına müxtəlif nahiyyələrindən 55 bıçaq zərbəsi vurub. 

Bundan başqa, ötən daha bir azərbaycanlı qadın türk sevgilisi tərəfiondən öldürülüb.

Hadisə Konya şəhərində baş verib. Məlumata görə, olaydan bir gün əvvəl 3 uşaq anası, 50 yaşlı Sahibə Yüksəlir özündən 4 yaş kiçik, evli sevgilisi Rahim A.nın iş yerində evlilik mövzusunda mübahisə edib. 

Şahidlər polis çağırdıqdan sonra onlar problem olmadığını bildirib və barışıblar. Lakin növbəti gün cütlük Rahim A. nın avtomobilində olarkən yenidən mübahisə düşüb və kişi Sahibəyə 8 dəfə atəş açaraq onu yaralı halda maşında qoyub qaçıb. Qadın xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.