Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin alqı-satqısı və qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Unikal.org xəbər verir ki,  əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq,yəni özgənin əmlakını gizli olaraq talamaq) maddəsi ilə məhkum olunmuş Lənkəran şəhər sakini Elman Abdullayev Sütəmirdov çayının Xəzər dənizinə tökülən hissəsində polislər tərəfindən tutulub.

E.Abdullayevin Polis İdarəsində üzərində şəxsi axtarış aparılan zaman onun əlindəki selofan torbadan ümumi çəkisi  4 kiloqram 260 qram olan  yüksək təsiredici xassəyə malik narkotik vasitəsi tiryək aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Qeyd edək ki, E.Abdullayev tiryəki əldə edəndən sonra yaşadığı evə aparmayaraq dəniz kənarında gizlədib. O, narkotik vasitəsinin başqalarının əlinə keçməməsi üçün mütəmadi olaraq yerini dəyişdirirmiş. Sonuncu dəfə E.Abdullayev tiryəkin yerini dəyişdirən zaman su polisləri tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.

“Özüm də bunun istifadəçisiyəm. Evimdə saxlamırdım. Qorxurdum buna görə gizlədirdim. Nə vaxt lazım oldu gedib götürüb istifadə edirdim”- deyə E. Abdullayev bildirib. 

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.