Azərbaycan iki gündən sonra Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edir.

Unikal.org xəbər verir ki, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-cu il tarixindən etibarən viza tələbi ləğv edilir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir. Türkiyə Respublikası Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan Respublikası vətəndaşları viza tələbindən azad edilmişdi.

Viza tələbinin ləğvi qərarı Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin yüksələn xətlə inkişafına növbəti əsaslı töhfə olacaq.