AMAL Akademiyası Yay Məktəbinin iştirakçıları Kənd Təsətrrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun Şəki rayonunda yerləşən Toxum Emalı Zavoduna səfər ediblər. 

Unikal.org xəbər verir ki, səfər zamanı gənclər dənli və paxlalı bitkilərin toxumlarının təmizlənməsi, çeşidlənməsi, dərmanlanması və qablaşdırılması prosesi ilə tanış olublar. 

Dövlət Toxum Fondunun sədr müavini Elton Əbdürəhmanov iştirakçılara Toxum Emalı Zavodunun iş mexanizmi haqqında ətraflı məlumat verib və gənclərə ehtiyat taxılın saxlanılması üçün müəssisədə mövcud olan 500 və 1000 tonluq taxıl silolarını nümayiş etdirib. 

Qeyd edək ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Aqrar Kredit və İnkişaf Agentliyinin icra etdiyi Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində 25 avqustdan etibarən Oğuz şəhərində AMAL Akademiyası Yay Məktəbi fəaliyyətə başlayıb. AMAL Akademiyası Yay Məktəbi sentyabrın 1-dək davam edəcək. 

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Şəki şəhərində inşa edilmiş Toxum Emalı Zavodu saatda 5 ton toxum emal etmək gücünə malikdir. Ümumi sahəsi 1.1 hektar olan müəssisə inzibati binadan, toxum təmizləyici mərkəzdən, emal prosesindən əvvəl toxum materialının boşaldılması və hazır toxumların saxlanılması üçün nəzərdə tutulan silo və anbar üçün ayrılmış sahədən ibarətdir.
Zavodda toxumun keyfiyyət və məhsuldarlıq parametrləri üzrə müayinə edilməsi üçün müasir standartlara uyğun laboratoriya quraşdırılıb.

Emal və ya saxlanc üçün gətirilən toxumların çəkisi 60 tonluq tərəzi ilə müəyyənləşdirilir. 

Emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar  təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır. Şəki toxum emalı zavodunun əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir.

Şəki Toxum Emalı Zavodu şimal bölgəsindəki toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayır. Burada yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumlar emal ediləcək, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması, sertifikatlanması həyata keçirilir. 

Zavodda fermerlərin emal prosesini onlayn rejimdə müşahidə edə bilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bu məqsədlə zavodun emal, dərmanlama, qablaşdırma, laboratoriya və tərəzinin yerləşdiyi hissəsində yüksək rezolusiyalı kameralar quraşdırılıb. Bu kameralar vasitəsi ilə fermerlərin təqdim etdikləri toxumların emalı prosesini onlayn qaydada, real zaman rejimində izləmək mümkündür. Toxum emalı prosesini müşahidə etmək üçün fermerlərə ilk növbədə İP təqdim edilir. Bununla da onlar toxumların təmizlənməsi prosesini məsafədən müşahidə etmək imkanını əldə edirlər.