Ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli, müasir sənaye müəssisələri açılır, yeni sənaye sahələri yaradılır, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, qeyri-neft ixracının həcmi yüksəlir. Sentyabrın 4-də belə müəssisələrdən biri - Xırdalanda yerli investisiyalar hesabına qurulan yeni mebel istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

Unikal.org xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin, Mebel İstehsalçıları Assosiasiyasının nümayəndələri, sahibkarlar iştirak edib. 

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olan qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, aparılan sistemli islahatlar barədə məlumat verib, sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafına dövlətin dəstək mexanizmlərini diqqətə çatdırıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonda reallaşdırılan layihələr barədə məlumat verib və yeni mebel istehsalı müəssisəsinin istifadəyə verilməsinin Abşeron rayonunun inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə mühüm töhfə olacağını qeyd edib.

Qeyd edək ki, 3 milyon manata yaxın investisiya qoyulmuş müəssisədə İtaliya və Türkiyədən gətirilmiş avadanlıqlar quraşdırılıb və 30 yeni iş yeri açılıb. Burada il ərzində 1200 dəst müxtəlif növ mebellər istehsal ediləcək. Müəssisədə istehsalın genişləndirilməsi və iş yerlərinin 100-ə çatdırılması  nəzərdə tutulur.