Güney Azərbaycan Konseyində qarışıqlıq yarandı
Güney Azərbaycan Konseyində qarışıqlıq yarandı

"Son zamanlar Uluslararası Güney Azərbaycan Konseyinin (UGAK) daxilində yaranan ixtilaflar Konseyin fəaliyyətini Güney Azərbaycan məsələsinə deyil, daxili çəkişmələrə yönəldib".

Bunu Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Qüliyev bəyan edib. Onun sözlərinə görə, bu ixtilafların mətbuat səhifəsinə çıxması və bəzi çirkin məqsədli adamların bundan istifadə edərək konseydə təmsil olunan siyasi və ictimai təşkilatların rəhbərlərini hədəf alaraq onları ləkələmək cəhdləri müşahidə olunmaqdadır:
""Zəlimxan Məmmədli və Fərəc Quliyev Firudin Cəlilova qarşı" başlıqlı yazı da bu qəbildəndir. Biz bu yazıya Firudin Cəlilovun özünün münasibət bildirməməsindən təəssüflənirik. Təşkilatımız yaranan gündən Bütöv Azərbaycan hədəfini prioritet götürüb. Milli Dircəliş Hərəkatı Partiyasının təşkilat komitəsi yarandığı vaxtdan - 2003-cü ildən partiyanı departamentlik institutu modelində formalaşdırıb. Təşkilatda müxtəlif departamentlər, o cümlədən Güney Azərbaycan departamenti formalaşıb. Ən müxtəlif fəaliyyət formalarımız problemə adekvat olub. Təkcə "Təbriz "qəzetini buraxmağımızı xatırlatmaq kifayət edər".
MDHP-nn bu məsələ ilə bağlı yaydığı bəyanatda isə bildirilir ki, partiya sədri, millət vəkili Fərəc Quliyev 1990-cı ildə baş tutmuş sərhəd hərəkatının ideoloq və təşkilatçılarından biri kimi 1991-ci ildə Azərbaycan parlamentində müstəqillik aktı qəbul olunarkən Azərbaycanın adının Quzey Azərbaycan Respublikası qoyulması təklifi ilə çıxış edib. Bununla da ilk dəfə Azərbaycanın bölünməsi məsələsi, yalnız bir hissədə suverenliyin qazanılması və digər bir hissəsinin işgalda qalması, yalnız Azərbaycan birləşdikdən sonra ölkəmizin adının Azərbaycan Respublikası kimi adlandırılmasının ədalətli status-kvonun təsbiti olacağını parlament səviyyəsində qaldırılıb:
"8 illik siyasi məhbus həyatından sonra ilk fəaliyyətini 2002-ci ildə DAK-da başladan Fərəc Quliyev həmin il Haaqada DAK-ın qurultayında Azərbaycanın bölünmüş xalq statusu ilə bağlı məsələnin BMT səviyyəsində müzakirəsinə nail olunması,Güney Azərbaycan mühacirət hökümətinin formalaşdırmaq haqda təklifləri səsləndirdi . Biz Bütöv Azərbaycan hədəfli təşkilatıq. Hec bir bölücülüyü qəbul etmirik. Biz Bütöv Azərbaycan davasının bir mərhələsi olan Güney Azərbaycanın müstəqillik mübarizəsinə könül verən fərdlər, QHT-lər, partiyalar, dərnəklər, ictimai təşkilatlar, bölünmüş təşkilatların bütün qanadları ilə əməkdaşlığı məqbul sayırıq. Uluslararası Güney Azərbaycan Konseyi konfederativ prinsipli əməkdaşlıq formatlarından biridir. Bu bir unitar təşkilat deyil. Kimsə bu əməkdaşlıq mərkəzini dərnəyə çevirmək, başqan olmaq və bunun üçün ixtilaf və daxili çəkişmələr yaradırsa, yanlış edir. Konsey yaranan Forumda Milli Dircəliş Hərəkatı partiyasının sədri, millət vəkili Fərəc Quliyev konseyə seçilməyə nümayəndələrin təkidi ilə razılıq versə də, idarə heyətinə bütün təkidlərə baxmayaraq daxil olmadı. Göründüyü kimi, ambisiyalı konsey üzvlərinin əli ilə Fərəc Quliyevin adının bəzi yazılarda, çəkişmələrdə hallandırılması qərəzlidir. Biz bu çəkişmələrdə heç vaxt iştirak etməmişik və iştirak etmirik. Bəyan edirik ki, qurultaya dəvət alarıqsa, müşahidəçi kimi iştirak edəcək, hec bir seçkili orqanda təmsil olunmayacağıq".
Politoloq Ərəstun Oruclunun sözlərinə görə, "İran ətrafında gedən proseslər və bu ölkənin sərt iqtisadi sanksiyalar vasitəsilə tədricən küncə sıxışdırılması istər-istəməz müəyyən planlara meydan açır. Güney Azərbaycanın taleyi ilə məşğul olmağı qarşısına məqsəd qoymuş siyasi təşkilatların qarşılıqlı münasibətlərində müəyyən problemlərin yaranması da məhz İranın çevrəsində müşahidə olunan ilgəyin yavaş-yavaş daralması ilə həmahəngdir".
Politoloqun fikrincə, "Azərbaycanın bütövləşməsi uğrunda fəaliyyətdə olmaq iddiası ilə çıxış edən siyasi qurumların bir-birlərinə münasibətdə bölünmək, parçalanmaq və yaxud ümumi məxrəcə gəlməkdə çətinliklər nümayiş etdirməsi bir qədər çətin başa düşüləndir. Birlik uğrunda mübarizə aparanlar artıq parçalanmağa başlayıblar. Bu tendensiya isə ümumiyyətlə bizim siyasilərə xas olan mənçilik naturasının güclü olmasından irəli gəlir. Bununla belə, güman edirəm ki, zaman bizim siyasiləri tədricən redaktə edəcək və hər kəs özünə layiq yerini tutacaq".

Natiq