Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Hikmət Abbasquliyevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb. 

Unikal.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Hökmə əsasən, H.Abbasquliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən 2018-ci ilin avqustun 9-da naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib. Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü “isti izlər”lə açılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.Abbasquliyev olması müəyyən edilib və o, görülmüş tədbirlərlə tutulub.

H.Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş AKMS markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.

Əli Osmanov