23 Avqust 2019
"İnanmıram ki, Qərbdə hansısa dairələr İctimai Palataya stavka edələr"
"İnanmıram ki, Qərbdə hansısa dairələr İctimai Palataya stavka edələr" MÜSAHİBƏ 15:33 2012-10-13

"İnanmıram ki, Qərbdə hansısa dairələr İctimai Palataya stavka edələr"
"İnanmıram ki, Qərbdə hansısa dairələr İctimai Palataya stavka edələr"

Rövşən Ağayev: "bp-Azərbaycanın ötən əsrin 90-cı illərindən başlayaraq istismar etdiyi neft quyularının bəziləri artıq əvvəlki qədər xammal vermir"

Azərbaycan hökumətinin bp-Azərbaycana qarşı irəli sürdüyü ittihamlar ölkə gündəmini zəbt edib və ekspertlər bu problemin müxtəlif tərəflərini araşdırmaqla məşğuldurlar. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayevlə bu günki söhbətimiz də bu istiqamətdə olacaq.

-bp şirkəti ilə Azərbaycan hökuməti arasında yaranmış problemin, açıqlamalara görə, çox dərin qatları var və bu durum təkcə maliyyə-istehsalat faktorları ilə deyil, daha çox bölgədə gedən geopolitik proseslərlə bağlıdır. Azərbaycan müxalifətinin iddiasına görə isə, 1993-cü ildə Azərbaycanda baş vermiş hərbi qiyamda bp şirkəti maraqlı tərəf kimi çıxış edib. Məsələyə bu müstəvidə yanaşanda bp-Azərbaycan hökuməti münaqişəsinin altında nələr yatır?
-Sözügedən məsələnin geopolitik və yaxud siyasi qatları varsa da, mən adətən, belə mətləblərlə maraqlanmıram. Məni məsələnin sırf iqtisadi tərəfləri maraqlandırır. Gəlin, əvvəlcə rəsmi məlumatları nəzərdən keçirək. Bu məlumatlara görə, hökumətin son iclasında dövlət başçısı "Azəri" və "Çıraq" yataqlarında hasilatın azalmasını əyani sübut edən statistik göstəricilər səsləndirib: "2009-cu ildə "Azəri" və "Çıraq" yataqlarında bizə verilən hasilat proqnozu 46,8 mln. ton idi. Faktiki isə 40,3 mln. ton səviyyəsində neft hasil edilib. 2010-cu ildə proqnoz 42,1 mln. ton idi, fakt 40,6 mln. ton olub. 2011-ci ildə proqnoz 40,2 mln. idi, real hasilat isə 36 mln. ton. 2012-ci ildə verilmiş proqnoz 35,6 mln. tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər BP "Azəri", "Çıraq" yataqlarından 33 mln. tondan artıq neft hasil edə bilməyəcək". Beləliklə, məlum olur ki, son bir neçə il ərzində BP şirkəti ilin əvvəlində verilən hasilat üzrə proqnozu yerinə yetirmir və bunun səbəblərini rəsmən açıqlanmır.
Maraqlıdır ki, şirkətin hesablarında əks olunan göstəricilər də azalmanı təsdiqləyir: "Bu ilin birinci yarısında "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri" və "Dərinsulu Günəşli" platformalarından ümumilikdə gündə orta hesabla 684 min barel və ya ümumilikdə 6 ay üçün 124,5 mln. barel (16,8 mln. ton) neft hasil edilib".
Ötən ilin 6 ayında isə "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri" və "Dərinsulu Günəşli" platformalarından ümumilikdə gündə orta hesabla 775,7 min barel və ya bütövlükdə yarım ildə 140,4 mln. barel (19 mln. ton) neft hasil edilib. Beləliklə, illik müqayisədə azalma 2,2 mln. ton və ya 12% təşkil edib. Diqqəti çəkən məqam da odur ki, əksər yataqlarda istismar quyularının sayında da azalma baş verib. Belə ki, "Mərkəzi Azəri"də quyuların sayı 18-dən 16-ya, "Qərbi Azəri"də 20-dən 16-ya, "Şərqi Azəri"də 20-dən 15-ə azalıb və yalnız "Çıraq" və "Dərinsulu Günəşli"də quyuların sayı nisbətən artıb. Eyni zamanda nəzərə alınmalıdır ki, ən yüksək gündəlik hasilat "Azəri" yatağında qeydə alınıb və məhz burada ən ciddi azalma müşahidə olunur. Belə ki, "Mərkəzi Azəri"də gündəlik hasilat 216,1 min bareldən 161 minə, "Qərbi Azəri"də 218,6 mindən 186 minə azalıb, "Şərqi Azəri"də isə 131,9 mindən 144 min barelə artıb.
Analitiklər hesab edirlər ki, yaranmış vəziyyətin, hasilatın həcminin və quyuların sayının azalmasının, hər ilin əvvəlində verilən proqnozların ilin sonunda yerinə yetirilməməsi və ümumi nəticədə ölkənin neft sahəsində geriləməyə gətirib çıxaran amil və səbəbləri BP şirkəti rəsmi şəkildə və açıq-aydın açıqlamalı və izah etməlidir. Hazırda isə "BP-Azerbaijan" şirkəti "Biz Azərbaycana tam sadiqik və "Azəri-Çıraq-Günəşli" hasilatı ilə bağlı məsələləri mümkün qədər tez bir zamanda həll etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə işləyirik" kimi heç nəyi izah etməyən bir açıqlama ilə kifayətlənir.
Beləliklə, təxminən, iki-üç gündür ki, bp şirkətinin Azərbaycanda neft hasilatını azaltması barədə söhbətlər gedir. Amma mən sizə başqa detalları da açıqlamaq istəyirəm. Azərbaycan hökuməti hər il ölkənin sosial-iqtisadi inkişafı barədə proqnozlarını açıqlayır və həmin proqnozlar hər il Milli Məclisdə müzakirə və təsdiq edilir. Mən həmin sənədləri araşdıranda çox maraqlı bir detala rast gəldim. İş burasındadır ki, hökumətin bayaq xatırlatdığım proqnozlarında bp-nin də istehsal imkanları barədə məlumatlar yer alır. Həmin məlumatları araşdıranda gördüm ki, hər il faktiki istehsalla hökumətin proqnozları arasında kəskin fərqlər müşahidə edilir. Məsələn, hökumət 2007-cı ildə proqnoz vermişdi ki, 2008-ci ildə bp-Azərbaycanın neft hasilatı 47 milyon ton olacaq. Amma sonradan həmin proqnoz özünü doğrultmadı və bp-Azərbaycan həmin il 35 milyon ton neft istehsal etdi. İndi proqnozla real istehsal arasındakı fərqə fikir verirsinizmi? Eyni şəkildə 2008-ci ildə Azərbaycan hökuməti proqnozlaşdırmışdı ki, bp-Azərbaycan 2009-cu ildə 59 milyon ton neft istehsal edəcək, amma istehsal oldu 41 milyon ton. Bu rəqəmləri araşdıranda aydın şəkildə belə bir təsəvvür yaranır ki, məsələnin kökü bp-Azərbaycanla bağlı deyil. Azərbaycan hökumətinin müxtəlif vaxtlarda eyni məsələ ilə bağlı verdiyi proqnozlar bir-birinə uyğun gəlmir. Yəni hökumətin proqnozlarında çox ciddi ziddiyyətlər müşahidə edilir və söhbətimizin davamı kimi qeyd edim ki, hökumət yenə də 2009-cu ildə verdiyi istehsalat proqnozlarında bp-Azərbaycanın neft istehsalını 44 milyon tona endirib və ötən ilə nisbətdə proqnoz birdən-birə 14 milyon ton azaldılıb. Bu faktları tutuşdurmaqla demək istəyirəm ki, ortalıqda qəsd məsələsi yoxdur. Bu problem əvvəldən var idi.
-Deməli, problemin kökündə sırf istehsalat amilləri durur?
-Ekspertlərin dediklərinə görə, bp-Azərbaycanın ötən əsrin 90-cı illərindən başlayaraq istismar etdiyi neft quyularının bəziləri artıq əvvəlki qədər xammal vermir. Bu quyular əlavə xərclər tələb edir, bu isə şirkətə sərf etmir. Onu demək istəyirəm ki, indiki durumun sırf iqtisadi tərəfləri var və bunu müzakirə edib müəyyən nəticələrə gəlmək olar. Amma güman etmirəm ki, burada hansısa siyasi niyyətlər ola bilsin. Yenə də faktları izləyək. Azərbaycan hökuməti konsorsiuma daxil olan şirkətlərdən üst-üstə 13 milyard manat pul alıb. Bununla belə istehsalın azaldığı şəraitdə hökumət 35 milyard manata qədər vəsait itirə bilər. Bunu da nəzərə alın ki, bp-Azərbaycanın neft büdcəsindəki payı 70%-ə qədərdir. Bu pullar Dövlət Neft Fonduna köçürülür və hökumət dövlət büdcəsini formalaşdıranda bu fonddan vəsait götürməli olur. Yəni hökuməti də başa düşmək olar. bp-Azərbaycanın neft hasilatında yaranan tənəzzül dövlət büdcəsi üçün problemlər yarada bilər. Hökumətin bu əndişələrini anlamaq olur, amma məsələnin sırf iqtisadi tərəfləri də nəzərə alınmalıdır. Ola bilər ki, hansısa münasibətlərdə problemlər yaranıb və bundan təzyiq vasitəsi kimi istifadə etməyə can atanlar var.
-Siz sualımın 93-ci ilin qiyamı ilə bağlı hissəsinə cavab vermədiniz...
-Vallah, bu, siyasi məsələdir və əvvəldən dedim ki, mənə siyasi suallar verməyin. Dediyiniz məsələ ilə bağlı sizin mətbuatdan oxuduğunuz qədər mən də oxumuşam ki, 93-cü ildə Gəncədə dövlət əleyhinə baş vermiş qiyamda bp-nin rolu olub. Amma bu bağlılığın gerçəkliyə nə dərəcədə uyğun olması prinsip etibarilə istisna edilmir. Özünüz də bilirsiniz ki, ümumiyyətlə, transmilli şirkətlərin Avropa ölkələrində siyasi mühitə təsiri zəif olur, amma Azərbaycan kimi siyasi sistemi tam formalaşmamış ölkələrdə, hakimiyyətin formalaşmasında xarici faktorun təsirinin güclü olduğu ölkələrdə onlar fəal davrana bilirlər. Dediyiniz bir versiyadır və prinsipcə mümkündür. Amma bu məqamda maraqlı detal budur ki, həmin qiyamdan sonra hakimiyyətə indikilər gəliblər. Əvvəlki, yəni Elçibəy hökuməti Azərbaycan neftinin xarici şirkətlər tərəfindən çıxarılması üzrəində fəal şəkildə iş aparırdı. Amma neftin xarici bazarlara çıxarılması hüququnu özündə saxlamaq istəyirdi və bu cəhət bp-ni təmin etmirdi. Həm də ola bilər ki, payın bölüşdürülməsində əvvəlki hakimiyyətlə razılığa gələ bilməyiblər. Bu ola bilər, amma dediklərimin hamısı bir versiyadır. bp-nin Gəncə qiyamında rolunu təsdiqləmək asan olduğu qədər də çətindir.
-Dünya mətbuatında dünyanı idarə edən gizli qurumlar barədə ara-sıra materiallar dərc edilir və iddia olunur ki, transmilli şirkətlər bu idarəçilikdə mühüm rol oynayır...
-Mən də bu materiallarla tanışam, amma bu faktlar təsdiqlənməyib. Mən demirəm ki, bu faktlar yalandır, amma sadəcə olaraq, mətbuat işçilərinin, müxtəlif QHT-lərin araşdırmalarından kənara çıxa bilmir.
-bp-Azərbaycan hökuməti qarşıdurması son zamanlar Azərbaycanla Avropa qurumları arasında müşahidə edilən gərginliyin tərkib hissəsi kimi qəbul edilə bilərmi?
-Bu çalarlar ola bilər, amma Azərbaycan hökuməti də müəyyən məsələlərin məsuliyyətini daşıyır. Məlum insident bir daha təsdiq etdi ki, iqtisadiyyatı neftdən asılı vəziyyətə düşmüş bir ölkəni silkələmək nə dərəcədə asandır.
-İctimai Palatanın icazəsiz siyasi aksiyalara başlamaq barədə qərarına bu fonda yanaşmaq mümkündürmü?
-Hesab etmirəm ki, İctimai Palata bu dərəcədə gücü olan bir siyasi birlikdir və ümumiyyətlə, mən bu quruma çox da ciddi şəkildə yanaşmıram. Həm də buna da inanmıram ki, Qərbdə hansısa dairələr İctimai Palataya stavka edələr.

Söhbətləşdi: Savalan