17 Sentyabr 2019
“Pəhləvanlar” kafesini pritona çevirən Habil və Qabil qardaşlarından XƏBƏR VAR
“Pəhləvanlar” kafesini pritona çevirən Habil və Qabil qardaşlarındanXƏBƏR VAR KRİMİNAL 12:22 2019-09-11

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda yerləşən “Pəhləvanlar” kafesində əxlaqsızlıq yuvası təşkil etməkdə və narkotik vasitələrin satışında təqsirləndirilən Habil və Qabil qardaşları, onların ortağı Elçin Əzimlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Unikal.org xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası sentyabrın 13-nə təyin edilib. 

Qeyd edək ki, hər üç şəxs 2019-cu ilin fevral ayında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən Abşeron rayonunda keçirilən əməliyyat nəticəsində saxlanılıb. Məlum olub ki, Q.Ramazanov işlətdiyi “Pəhləvan” kafesində xüsusi otaqlar düzəldərək orada qadınları fahişəliyə cəlb edib. Bu fəaliyyətdən əldə olunan gəlir isə qardaşlarla həmin qadınlar arasında bölünüb. 

İstintaqın ilk mərhələsində Q.Ramazanov həbs edilib, qardaşı Habil və E.Əzimli isə polisin nəzarətinə verilməklə sərbəst qalıblar. Q.Ramazanov “Pəhləvanlar” kafesinin sahibi və dəstənin başçısı olub. O, saxlanılan zaman üzərindən külli miqdarda narkotik vasitə aşkar olunub.

Q.Ramazanov həm narkotik ticarəti, həm də insan alverində, əkiz qardaşı Habillə Elçin isə yalnız insan alverində ittiham edilirlər.

Bir neçə il əvvəl isə Q.Ramazanov başqa bir cinayət işində zərərçəkmiş kimi çıxış edib. O, evindən 200 min manat oğurlayan qardaşı oğlu Ümid Ramazanovun işində zərərçəkmiş kimi tanınıb. 

Məlumata görə, Ramazanovlar 7 qardaşdırlar və hər biri idmançı-pəhləvan kimi fəaliyyət göstərib.

Xatırladaq ki, qardaşlar saxlanılmadan öncə dəfələrlə mətbuatda həmin məkanın əxlaqsızlıq yuvası olması haqda materiallar yayılıb.

Əli Osmanov